14:28 11-02-2021
news_image
2926
FUTBOL

“Qarabağ” Geryeyə əvəzləyici tapdı - “Kukesi”də

Qış fasiləsində heç kimi transfer edə bilməyən “Qarabağ” mövsümün sonunda heyətə əl gəzdirəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu indidən alınması gündəmdə olan futbolçuları müəyyənləşdirməyə başlayıb.

Baş məşqçi Qurban Qurbanov ilk olaraq Vild-Donald Geryenin gedişindən sonra boş qalan müdafiənin sol cinahını doldurmağa çalışacaq. Təcrübəli mütəxəssisin bu mövqeyə ilk namizədi də artıq məlumdur.

Əldə etdiyimiz məlumata əsasən, Qurbanov Albaniyanın “Kukesi” klubunun formasını geyinən Beşir Demiriyə “elçi düşüb”. “Qarabağ” rəhbərliyi mövsümün sonlarında 27 yaşlı albaniyalı futbolçu ilə bağlı qarşı tərəflə danışıqlara başlayacaq. Ancaq Demirini Azərbaycana gətirmək heç də asan olmayacaq. Çünki “Kukesi”yə ötən ilin yayında Slovakiya klubu “Jilina”dan keçən oyunçu qısa müddətdə əsas heyət üzvünə çevrilib və müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Şkupi”nin yetirməsi olan Beşir Demiri 2016-cı ildə Şimali Makedoniya yığmasının heyətində 2 yoldaşlıq görüşündə iştirak edib. Maraqlıdır ki, debütünü həmin ilin mayında məhz Azərbaycan millisinə qarşı sona 7 dəqiqə qalmış meydana daxil olmaqla qeyd edib. Həmin matçda makedonlar 3:1 hesablı qələbə qazanıb. Demiri Millətlər Liqasının 2018/19 mövsümündə isə Albaniya yığmasına dəvət edilsə də, hələ meydana çıxmayıb.