13:06 12-02-2021
news_image
2016
FUTBOL

AFFA üçün "istedad yetişdirən” Ukrayna – 2 avtoqol, buraxılan 2 top

Azərbaycan milli komandası üçün futbolçuları ölkə ərazisində deyil, xaricdə axtaran AFFA daha iki oyunçunun vətəndaşlığını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, assosiasiyaya iki yeni "istedad yetişdirdiyi” Ukrayna yığmalarımıza daim futbolçu bəxş edən ölkədir.

Baş məşqçi Canni de Byaziyə özümüzünkü kimi təqdim olunan Anatoli Nuriyev və Rüstəm Əhmədzadə ilk ukraynalılar deyil. İtaliyalı mütəxəssis aşağı yaş qruplarında oynamış Dmitri Nağıyevdən də faydalana biləcək.

Gəncə, Tovuz, Zaqatala, Lənkəranda futbolçu axtarmayan, hazır oyunçuları başqa ölkələrdə tapan AFFA bu futbolçuların azərbaycanlı olmasını əsas gətirir. Futbol vətəndaşlığı ilə milli mənsubiyyətin ayrı-ayrı məfhumlar olmasından ya xəbərdar olmayan, ya da ciddiyə almayan funksionerlər ən azı əvvəlki Ukrayna “tapıntılar”ına baxa bilər.

Çünki yaxın keçmişdə də bu ölkədə azərbaycanlı futbolçular tapılıb. Onların millimizə faydası isə göz önündədir. Pavel Paşayev və Rəşad Eyyubov kimi Ukrayna azərbaycanlılarının xeyri sanki çox böyük olub. Pavel əsas millidə keçirdiyi 21 qarşılaşmada avtoqoldan başqa nə ilə yadda qalıb ki? “Qəbələ”də heyətə də düşməyə çətinlik çəkən Paşayevdən fərqli Eyyubov cəmi 7 dəfə milli forma geyib. Əvəzində xeyli sayda klub dəyişib. Daha bir Ukrayna tapıntısı - Ramil Həsənov “Sumqayıt”a milliləşdirilmək perspektivi ilə gətirilsə də, əvəzedicilərdən Premyer Liqa səviyyəsinə belə qalxa bilmədi. U-19-da oynamış Murad Xaçayev də əsas komandanın formasını geyinməyə həsrət qalıb. 

Eyyubovla Paşayevdən kimi Ukraynadan tapılıb əsas milliyə cəlb olunan digər 6 oyunçunun isə ölkəmizə bağlılığı yoxdur. Onlardan da yalnız Aleksandr Çertoqanov yığmada möhkəmlənib. Onun aktivində 54 matç var. Vladimir Levin də az-çox komandada özünə yer edib – 28 oyun. Digərlərindən yalnız Anton Krivotsyuk 10-dan çox görüşdə şans qazanıb ki, o da həmyerlisi Paşayev kimi avtoqolla antiqəhrəman olub. Digərlərinin yığmamızdakı qısamüddətli karyerası isə milliləşdirilmənin əbəs yerə gerçəkləşdiyini təsdiq edir. Ümumiyyətlə, Ukrayna futbolunun yığmamıza bəxş etdiyi 8 futbolçu qol vurmasa da, iki avtoqola imza atıb və yeganə qapıçı Andrey Popoviç iki top buraxıb.

Ukraynadan Azərbaycan millisinə
1. Aleksandr Çertoqanov – 54 oyun
2. Vladimir Levin - 28
3. Pavel Paşayev - 21
4. Anton Krivotsyuk - 13
5. Rəşad Eyyubov - 7
6. Vladimir Poşexontsev - 5
7. Aleksey Stukas - 4
8. Andrey Popoviç - 2 (-2)