15:13 12-02-2021
news_image
2327
FUTBOL

“Qarabağ” və “Neftçi” derbilərində tarixi hadisə – Qurban Qurbanovdan

Azərbaycan Premyer Liqasının XV turunun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan derbisində çalışdırıcı kimi 50-ci sınağı olacaq.

Əvvəllər “Neftçi”nin futbolçusu kimi də dəfələrlə “Qarabağ”a qarşı oynamış 49 yaşlı mütəxəssis baş məşqçi fəaliyyətində 50-ci dəfə ölkənin iki ən nəhəng klubunun çempionat duelinə çıxacaq.  İndiyədək Qurbanov 49 derbiyə komanda çıxarıb.

İlk belə matç 2006-cı il sentyabrın 19-na təsadüf edib. Qurbanovun baş məşqçisi olduğu “Neftçi” öz meydanında ağdamlılarla qolsuz heç-heçə edib. Səfərdə 2:0 hesablı qələbə qazanan Bakı klubu mütəxəssisə ilk derbi qələbəsini qazandırıb. Növbəti – 2007/08 mövsümünün startından az sonra istefaya göndərilən məşqçi həmin çempionatda derbi həyəcanı yaşamayıb. O, “Neftçi”dəki iki matçda 1 qələbə, 1 heç-heçə görübsə, yetirmələri 2 qol vurub və qapısını toxunulmaz saxlayıb.

2008-ci ilin yayında “Qarabağ”a baş məşqçi təyin olunan Qurbanov sabiq komandası ilə ilk çempionat duelində də heç-heçə edib. Bu, 2008-ci ilin noyabrın 8-də qeydə alınıb – 1:1. Ümumiyyətlə, o ilk 9 derbidə məğlubiyyət görməyib və yalnız 10-cu sınaqda məğlub olub.

“Qarabağ”ı 47 derbiyə çıxaran mütəxəssis 22 qələbəyə sevinibsə, 15 dəfə 1 xal görüb və yalnız 10 dəfə məğlubiyyət acısı yaşayıb. Top fərqi də ağdamlıların xeyrinədir – 65:37.

Ümumilikdə isə Qurbanovun derbidəki 49 matçında 104 qol vurulub. Onun baş məşqçisi olduğu komandalar 23 qələbə qazanıb, 16 heç-heçə edib və 10 dəfə uduzub. Qurbanovun yetirmələri 67, rəqibləri 37 qola sevinib.

Qeyd edək ki, iki komanda çempionatda 81 dəfə görüşüb. Bunun 49-da baş məşqçi olan Qurbanovsuz 32 matç baş tutub. Ümumi balansda 30 qələbəsi olan “Qarabağ” 30 heç-heçə edib və 21 dəfə uduzub. Top fərqində də ağdamlılar öndədir – 91:73.