15:40 12-02-2021
news_image
1465
FUTBOL

“Onu əsas oyuna çatdıra bilmirsənsə, gətirməyin mənası yox idi” – Əhmədov Ahmedovdan danışdı

“Neftçi” çempionluq uğrunda əsas rəqibi ilə görüşə qədər heyətini tam komplektləşdirməli idi”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov “ağ-qaralar”ın yeni transferi Ahmed Ahmedovun Azərbaycan Premyer Liqasının XV turunda əzəli rəqib “Qarabağ”la matçı buraxmasına münasibət bildirərkən deyib.

Təcrübəli mütəxəssis bolqarıstanlı forvardın çempionluq uğrunda ən vacib matçlardan birinə yetişməməsinin flaqmana ciddi problem yarada biləcəyini düşünür: “Ahmedovla bağlı bəlkə başqa strategiyaları var, qarşıdakı 13 oyunu fikirləşirlər. Amma unutmayaq ki, sabah “Qarabağ” qələbə qazansa, “Neftçi”nin çempionluq taleyi artıq rəqibin əlində olacaq. Üstəlik, Ahmedovun “Neftçi”yə uyğunlaşacağına da heç kim zəmanət verə bilməz. Bildiyim qədərilə əvvəlki komandasında əsas heyət üzvü olmayıb. Hər halda statistikası ürəkaçan deyil. Qış toplanışında “Neftçi”nin heyətində yer almayıb, fiziki cəhətdən hansı durumda olduğu bəlli deyil. Digər oyunçuları gözləyəcəkdilərsə, bəlkə də, bu transferi həyata keçirməmək daha yaxşı olardı. Yeni transferi əsas oyuna çatdıra bilmirsənsə, onu gətirməyin heç mənası yox idi”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 18:30-da başlayacaq.