15:56 12-02-2021
news_image
2387
FUTBOL

Tərlan Əhmədov: “Super “Neftçi”dən söhbət gedə bilməz” - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu, eyni zamanda “flaqman”ın keçmiş baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XV turunda sabah əzəli rəqiblər “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Həmin matçdan nə gözləyirsiniz?
- Maraqlı, hər iki komandanın ifasında bol qol epizodu olan, qarşılıqlı hücumların qurulduğu oyun gözləyirəm. Əsas odur ki, sönük mübarizə olmasın. 

- Hansını daha şanslı sayırsınız?
- “Neftçi” psixoloji cəhətdən enişdədir. Çünki ölkə kubokunda mübarizəni dayandırıb. “Qarabağ” isə yenidən yaxşı forma yığıb və sabah da öz meydanında çıxış edəcək. Oturuşmuş heyəti, uzun illərdir komandaya rəhbərlik edən baş məşqçisi var. “Qarabağ” daha şanslıdır. Samir Abasov isə üç aydır “Neftçi”dədir. Düzdür, fəlsəfəsini yetirmək üçün bu müddət yetərli olmalıdır. Çünki “Neftçi”yə gəlmisənsə, səndən nə tələb olunduğunu bilirsən. Hiss olunur ki, Samir Abasovun gəlişindən sonra cüzi də olsa canlanma yaranıb. Amma canlanma təkcə mübarizədə deyil, nəticədə də öz əksini tapmalıdır. Kubokdakı uğursuzluq isə “Neftçi” üçün minusdur.

- Bunu çempionluq yolunda ən önəmli oyun saymaq olar?
- Əlbəttə, oyun hər iki komandanın çempionluq yolunda böyük önəm daşıyır. “Qarabağ” qalib gələrsə, “Neftçi”dən 5 xal uzaqlaşacaq. Bu artıq “Qarabağ”ı bir az rahatladacaq. Əks təqdirdə, “Neftçi” önə keçəcək, üstünlüyə yiyələnəcək. Demirəm ki, çempionluq həll olunacaq. Ancaq bu yolda atılmış önəmli addım olacaq. Qalib gələn komanda çempionluq məsələsini özü üçün 70 faiz həll edəcək. Bu, xüsusən də, “Qarabağ”a aiddir. Çünki onlar bir qədər də uzaqlaşmaq imkanı əldə edəcəklər. Bunu “qızıl oyun” sayıram. Uduzan üçün sınma nöqtəsi ola bilər. “Neftçi” artıq kubokdan əlini üzüb. Uğur qazanmağın tək yolu onlar üçün çempionluqdur. “Neftçi” üçün ölüm-dirim matçı olacaq. “Qarabağ” isə kuboku qazanmaq şansını da davam etdirir.

- Hər iki komanda qış fasiləsini passiv keçirdi, yalnız “Neftçi” son anda bolqarıstanlı hücumçu Ahmed Ahmedovu heyətinə qatdı. Ancaq o, sabahkı matçda iştirak etməyəcək. Hücumçu problemi “Neftçi”yə baha başa gəlməz?
- Hər rəhbərliyin, məşqçinin iş prinsipi fərqlidir. Samir Abasov noyabrda komandaya gətirilib. Həmin vaxtdan bilməli idi ki, hansı boşluqlar var, qışda necə oyunçular alınmalıdır. Qış fasiləsinə qədər bu məsələ həllini tapmalı idi. Müsahibəsində deyib təklif edilən futbolçular ürəkaçan deyildi. Amma dayanmamalı, hücumçu istəyirdilərsə, 5-10 oyunçu ilə danışıq aparıb kifayətlənməməli idilər. Axtarış əhatəsi genişlənməlidir, daha çox menecerlərə müraciət olunmalıdır. Bildiyim qədərilə baş məşqçi dekabrda Mirabdulla Abbasova tərif deyirdi, onu aparıcı hücumçu sayırdı. Həmçinin Samir Buqrin barədə fikirləri müsbət idi. Ancaq sonradan onlara elə də ümid bəslənilmədi. Deməli, bu oyunçularla bağlı da narazılıq var. Bir görüşdə iki qol vuran Buqrin sonradan gözə görünmədi. “Zirə” ilə kubok matçları göstərdi ki, Buqrin böyük oyunlara hələ hazır deyil.

- Samir Abasov “Zirə” ilə kubok oyunundan sonra meydanda super “Neftçi” olduğunu demişdi. Sizcə, uduzan komanda necə super ola bilər və onun “Qarabağ” önündə şansı nə qədərdir?
- Super komanda Qvardiolanın “Barselona”sı olub. Artıq dünyada super komanda yoxdur. Elə “Barselona”nın özü hazırda yeni dönəmə başlamaq istəyir, hələlik alınmır. Qələbə qazanmalı olduğun matçda rəqibin gənc oyunçusunun təcrübəsizliyi səbəbindən cəmi bir qol epizodu yaradırsansa və mübarizəni dayandırırsansa, belədə super “Neftçi”dən söhbət gedə bilməz. Super komanda həm kuboku qazanır, həm çempion olur, bütün rəqiblərindən beşqat güclü çıxış edir. Bu gün Azərbaycan üçün super komanda “Qarabağ”dır. Onlar Azərbaycanda mümkün olan bütün uğurlara nail olub. Ardıcıl çempionluqlar, kuboklar, Avropa Liqası ilə yanaşı, Çempionlar Liqasının qrupunda iştirak. Bunu ilk dəfə 2012/13 mövsümündə “Neftçi etmişdi. Bu gün “Neftçi”yə hansı oyunla super demək olar? Sırf mübarizə aparmaqdırsa, “Zirə” ondan geri qalmadı. Rəşad Sadıqov qısa müddətdə yığılan komandaya normal futbol oynadır, ona alqış düşür. Məşqçinin işi nəticə ilə ölçülür. Şəxsən mənim fikrimcə, “Neftçi”nin “Zirə” ilə matçdakı çıxışı, qol epizodu yarada bilməməsi və digər komponentlər super deməyə əsas vermir.

- Hər iki komandanın formasını geyinmisiniz. Sabah hansına azarkeşlik edəcəksiniz?
- Bunu sirr olaraq saxlasaq yaxşı olar. Çox istərdim ki, yaxşı oyun olsun, ən güclü qalib gəlsin. Kim az səhv edəcəksə və daha çox istəkli olacaqsa və rəqibi səhvə məcbur edəcəksə o da qələbə qazanacaq.

- Yəqin razılaşarsınız ki, bu komandaların son illərdəki duelləri əvvəlki kimi ajiotajlı alınmır?
- Hərdən “Neftçi” ilə “Xəzər Lənkəran” arasında oyunları xatırlayıram. Qırmızı vərəqə, dava, matçın dayanması, azarkeş çılğınlığı və bir çox məqamlarla yadda qalan oyunlar idi. Qırğın-dava istəmirəm, amma aqressiv görüş maraqlı olardı. Əvvəl hər iki komandanın azarkeşləri oyuna gəlirdilər, matçdan əvvəl sosial şəbəkələrdə, mətbuatda qırğınlar başlayırdı. Bütün bu gərginlik oyuna da sirayət edirdi. İndi, ümumiyyətlə, meydançaya azarkeş buraxılmır. Həmçinin sosial şəbəkələrdə də müzakirə az olur. Bunu başa düşmək də olar. Çünki pandemiya ilə əlaqədar çətin duruma düşənlər var. İnsanlar indi futbol yox, ailələrini dolandırmaq, yaşayışlarını yaxşılaşdırmaq barədə fikirləşirlər. Əvvəlki həvəsin, marağın yaranması üçün zaman lazımdır.

Ruslan Sadıqov