16:24 12-02-2021
news_image
780
FUTBOL

“Neftçi” çempion önündə - “Zirə” autsayderi sınağa çəkəcək

Sabah Azərbaycan Premyer Liqasında III dövrəyə start veriləcək.

Apasport.az saytının məlumatına görə, çempionatın ikinci yarısı XV turun görüşləri ilə başlayacaq.

Turun qarşılaşmaları iki günü əhatə edəcək. İlk matç Sumqayıtda baş tutacaq. Bir neçə gün öncə Azərbaycan kubokunda üz-üzə gələn “Səbail”lə “Sumqayıt” 13 gündə üçüncü dəfə qarşılaşacaq. İlk iki görüşdə qonaqlar qalib gəlib ki, meydan sahibləri bu ənənəni pozmaqla turnir cədvəlinin ilk “üçlüy”ünə yaxınlaşmaq arzusundadır. Paytaxt təmsilçisi isə 5-ci sıraya yüksəlməklə rəqibi ilə arasındakı xal fərqini aradan qaldırmaq üçün qalib gəlməlidir.

Təkcə turun deyil, dövrənin mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” növbəti Azərbaycan derbisində görüşəcək. Çempionatın lideri olan Ağdam təmsilçisi izləyicisi ilə xal fərqini artırmağa iddialıdır. Bu il keçirdiyi bütün oyunlarda üçdən artıq top vurmaqla qalib gələn Qurban Qurbanovun yetirmələri uğurlu seriyalarını davam etdirməyə köklənib. Bakılılar isə son illərin dəyişməz çempionundan xal almaqla intriqanı qorumalıdır. Son dueldəki 0:6 hesablı məğlubiyyətdən sonra baş məşqçisini dəyişən “ağ-qaralar” darmadağının revanşını heç olmasa minimal fərqlə çıxmağa çalışacaq.

İkinci oyun günü Qəbələdə start götürəcək. Bu, “Keşlə”nin baş məşqçisi Sənan Qurbanovun Premyer Liqada yeni klubu ilə debütü olacaq. Gənc çalışdırıcı sabiq komandası “Qəbələ” qarşısında sınağa çıxacaq. Son sıralardan uzaqlaşmaq əzmində olan bakılılar səfərdə qalib gəlmək istəyindədir. Meydan sahibləri isə xal hesabını artırmaqla təhlükəli zonadan mümkün qədər uzaqlaşmaq üçün ev oyunundan maksimum nəticə ilə ayrılmalıdır.

Turun yeganə paytaxt derbisi Zirədə təşkil olunacaq. Mükafatlara iddialı olan qəsəbə təmsilçisi çempionatın autsayderi “Sabah”l qəbul edəcək. Qonaqlar son pilləni tərk etmək üçün mübarizə aparır. Bakılılar isə liderlərlə xal fərqini azaltmaq üçün qələbə qazanmağa borcludur. Xal itkisi “Sumqayıt”la fərqin də azalması ilə nəticələnə bilər.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 19-20-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XV tur
13 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
“Kapital Bank Arena”

18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu

14 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

14

8

5

1

37-11

29

2

Neftçi

14

8

3

3

18-15

27

3

Zirə

14

6

5

3

18-14

23

4

Sumqayıt

14

5

4

5

17-20

19

5

Qəbələ

14

3

6

5

13-22

15

6

Səbail

14

3

4

7

15-23

13

7

Keşlə

14

3

4

7

13-21

13

8

Sabah

14

4

1

9

14-19

13

Bombardirlər: Mahir Emreli ("Qarabağ") – 10, Namiq Ələsgərov ("Neftçi") – 8, Filip Ozobiç ("Qarabağ") – 7, Əli Qurbani ("Sumqayıt"), Kvabena Ovusu ("Qarabağ") – 6.