11:53 13-02-2021
news_image
208
FUTBOL

Derbinin qəhrəmanı – “Neftçi”nin qənimi

Bu gün Azərbaycan Premyer Liqasında keçiriləcək XV turun oyunları ilə III dövrəyə start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə üz-üzə gələcək “Qarabağ”la “Neftçi” Azərbaycan çempionatlarında 82-ci derbiyə çıxacaq.

İndiyədək keçirilən 81 qarşılaşmada 164 qol vurulub. Ağdamlılar 91, bakılılar 73 dəfə rəqib qapısına yol tapıb.

Derbinin bombardiri Mahir Emrelidir. Hazırda da “Qarabağ”da çıxış edən hücumçu “Neftçi”yə qənim kəsilib. O, Premyer Liqada 8 qolunu “ağ-qaralar”ın qapısından keçirib.

Derbinin ən məhsuldar oyunçuları sırasında növbəti yerləri də “Qarabağ”ın üzvləri tutur. Reynaldo 7, Müşfiq Hüseynovla Riçard Almeyda hərəyə 6 dəfə qol sevinci yaşayıb.

Derbidə 5 dəfə fərqlənən Georgi Adamiya isə hər iki komandada qol vurub. O, “Neftçi”də 1, “Qarabağ”da 4 dəfə qola sevinib.

“Neftçi”nin derbidəki ən məhsuldar futbolçuları isə cəmi 4 dəfə fərqlənib. Buna üç futbolçu nail olub. Onlardan biri hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovdur. Onunla yanaşı klub tarixinin ən yaxşı legionerləri Flavinyo və Nikolas Kanales də hərəyə 4 dəfə fərqlənib.