17:21 14-02-2021
news_image
107
FUTBOL

“Daha keyfiyyətli ola bilərik” – Elmar Baxşıyev

“Ağır oyun gözləyirdik, bunu da gördük”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXV turunda “Keşlə” ilə keçirilən oyundan sonra deyib.

Komandasının öz meydanında qazandığı qələbəni (2:0) dəyərləndirən Baxşıyev yetirmələrindən razılıq bildirib: “Keşlə” bir az güc futboluna üstünlük verən komandadır. Hər zonada təzyiq edir. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamağa çalışdıq. Oyuna hazırlığımızı yüksək motivasiyada davam etdirdik. Oyunçuların istəkli olmasını və matça tam motivasiya olunduqlarını məşqlərdə də hiss edirdik. Nəticədə məzmunlu oyunla 3 xal qazandıq”.

41 yaşlı çalışdırıcı vaxtilə “Qəbələ”də çalışmış həmkarı Sənan Qurbanovla bağlı fikirlərini də bölüşüb: “Rəqibin baş məşqçisinin Sənan Qurbanov olması heç bir prinsipiallıq daşımırdı. Ona uğurlar arzulayırıq, inanırıq ki, yaxşı komanda formalaşdıra biləcək. Bacarığı var, üzərinə düşəni artıqlaması ilə edib “Keşlə”ni yeni bir səviyyəyə qaldıracaq”.

Elmar Baxşıyev “Qarabağ”la kubok matçı istisna olmaqla, ümumilikdə uğurlu çıxış etdiklərini düşünür: “İşimizi sırf irad üzərində qurmamışıq. İradımız yalnız ondan ibarətdir ki, futbolçular məşq prosesində daha məsuliyyətli olsunlar, verilən tapşırıqları yerinə yetirsinlər. “Qarabağ”la ölkə kubokunun cavab oyununda bir az sönük idik. Amma komandamın ümumi çıxışından və matçlara yanaşmasından razıyam. Bu hələ bizim maksimum gücümüz deyil. Hücum planında daha keyfiyyətli ola bilərik”.