20:10 14-02-2021
news_image
284
FUTBOL

“Erkən qol planlarımızı alt-üst etdi” – Rəşad Sadıqov

“Sabah” 14-cü xalını qazandı, amma hamı mənimlə razılaşar ki, rəqib daha çoxuna layiqdir. Çempionatın sonunda mövsümü yüksək pillələrdə başacaq komandadır”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XV turunda evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 

39 yaşlı mütəxəssis bildirib ki, “Sabah”ın baş məşqçisi Visente Qomes yaxşı komanda formalaşdırıb: “Rəqib bu gün taktiki cəhətdən ağıllı oynadı. Erkən qol vurduqdan sonra daha ehtiyatlı oynamağa başladılar. Biz ilk hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. Rəqibin əks-hücumları çox təhlükəli idi. Həmin dəqiqələrdə əks-hücumdan ikinci qolu buraxmamaq vacib idi. Şükürlər olsun ki, hissəni o cür başa vura bildik. İkinci yarıda bəzi sistem dəyişiklikləri etdik, rəqib üzərində təzyiqi artırmağa başladıq. Qol vurduqdan sonra rəqib hücuma atıldı və yenidən önə keçdi. Sonda hesabı bərabərləşdirə bildik. Çox dramatik oyun alındı. Səhv etmirəmsə, keçirdiyimiz 15 turun 7-8-də belə sonluqlar olur, 3:2, 2:3, 2:2 hesabları qeydə alınır”.

Sadıqovun sözlərinə görə, onların matçları gərgin, maraqlı və baxımlı olur: “Bu da məni sevindirir. Düşünürəm ki, azarkeşlər, xüsusən də, ikinci hissədəki mübarizədən zövq aldılar. İkinci yarıda komandamız xarakter göstərdi. Beş gün içində "Neftçi" ilə iki ağır oyun keçirdik. Kollektivin yorğun olduğunu bilirdim, həftəiçi də bunu sezirdik. Bəlkə də, bu gün ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın futbolçularını, əsasən də, ikinci hissədəki möhtəşəm oyuna görə təbrik edirəm. Düzdür, 5-10 dəqiqə içində aldığım mesajlarda bildirilir ki, penalti epizodu yüz faizlik idi. Amma epizoda təkrar baxmaq lazımdır. Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar. Bu cür oyunlarla, sürətlə, templə futbolumuz inkişaf edər. “Sabah” bu mövsüm artıq üçüncü sistemdə çıxış edir. Baxırsan ki, futbolçular da yeni sistemə qısa müddətdə uyğunlaşa bilirlər. Bunların hamısı sevindirən amillərdir. Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar. Xüsusən də, milli komandalarda. Adətən oyundan-oyuna sistemdə dəyişiklik edəndə futbolçular buna gec uyğunlaşırlar”.

Gənc çalışdırıcı rəqibin erkən qolunun onların planlarını pozduğunu vurğulayıb: “İki fərqli sistemlə oynadıq. Əslində matçdan əvvəl rəqibi təhlil edəndə gördük ki, son matçlarda 5-4-1 taktikası ilə çıxış edib. Məqsədimiz birinci hissədə 5-4-1-lə mübarizə aparıb, rəqibin səhvini gözləyib, bundan faydalanmaq idi. Bilirdim ki, komandamın 90 dəqiqə tam intensiv futbola gücü çatmayacaq. Buna görə də, ehtiyatlı oynamalı idik. Əgər ikinci hissədəki tempi ilk dəqiqələrdən göstərsəydik, böyük ehtimalla görüşün sonlarında dayanacaqdıq. Ağabala Ramazanovu zədədən sonra ilk dəfə meydana buraxdıq. Filipe Paxtman da 30-35 dəqiqə çıxış etmək gücündədir. Bütün bunları nəzərə almışdıq. Rəqibin erkən qolu planlarımızı alt-üst etdi. Fasiləyə qədər qol buraxmamaq çox vacib idi. İlk yarıda hesabı bərabərləşdirmək alınmasa da, ikinci topu buraxmadıq. İkinci hissədə Hacıağa Hacılını meydana buraxmaqla sistem dəyişikliyinə getdik. Əslində buraxdığımız ikinci topda Hacıağa topu yaxşı uzaqlaşdırmışdı. Sadəcə, top Kevin Kubembanın ayağına uğurlu düşdü. O da usta futbolçudur, əlinə düşən bu şanslardan yaxşı istifadə edir. Ümumiyyətlə, “Sabah”a şərait yaratsan, dərhal fərqlənmək bacarığı olan futbolçuları var”.

Rəşad Sadıqov tez-tez sistem dəyişikliyinə əl atmasına da aydınlıq gətirib: “Gəldiyim ilk gündən oyunçuların taktiki cəhətdən daha elastik olmalarına çalışıram. Məsələn, bu gün sistemi dəyişməsəydik, rəqib üzərində üstünlük yaratmağımız çətin olardı. Bəlkə sabah yenə sistemi dəyişəcəyik. Bunlara hazır olmaq lazımdır. İndidən növbəti rəqibə qarşı necə oynayacağımızla bağlı fikir bildirməkdə çətinlik çəkirəm. Rəqibi və öz oyunumuzu təhlil etmək şərtdir. Cürbəcür sistemlərdən istifadə etməyi xoşlayıram. Futbolçuların bunu qavramaları və tez reaksiya vermələri sevindiricidir”.