10:38 15-02-2021
news_image
4546
FUTBOL

AFFA Ramil Şeydayevə klub tapdı - Portuqaliyada

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, AFFA “Sabah”ın forvardının ölkə xaricinə yollanmasına maraqlıdır.

25 yaşlı oyunçunun 2016-cı ildə Türkiyə klubu “Trabzonspor”a keçidində vasitəçilik edən assosiasiya bu dəfə Şeydayevi Portuqaliyaya aparmağa çalışır. Vaxtilə Emin Mahmudov və Kamran Ağayevin keçidi zamanı “Boavişta” klubu ilə əlaqələrini möhkəmlədən AFFA rəsmiləri Ramilin də bu yolla addımlamasına şərait yarada bilər. Oyunçu özü də yenidən şansını başqa ölkədə sınamaqda maraqlıdır.

Portuqaliya yüksək liqasında autsayderlərdən olan “Boavişta” ilə danışıqlar davam edir. Tərəflər ortaq məxrəcə gələrsə, millimizin üzvü mövsümün sonunda Porto klubuna azad agent kimi keçəcək. Çünki onun “Sabah”la müqavilə müddəti yayda bitəcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Ramil Şeydayev “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” ilə yanaşı, ölkəmizdə də “Qarabağ”ın formasını geyinib.