
“Oyunçuları bir-birdən ayırmağı sevmirəm. Ancaq topu itirərkən necə hərəkət etməyi və yaxşı təşkilatlanmağı bacarmalısan”.
Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın baş məşqçisi Ronald Kuman deyib.
Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə bu gün keçiriləcək oyun barədə fikirlərini bölüşən niderlandlı mütəxəssis komandanın kapitanı Lionel Messi ilə rəqibin hücumçusu Kilian Mbappenin müqayisəsinə də toxunub: “Bu, Messi ilə Mbappe arasındakı duel deyil. Komandalardan birində dünyanın ən güclü oyunçusu var. Həmçinin Mbappe də çox yaxşı futbolçudur. Bizi gözəl matç gözləyir və bundan zövq alacağıq”.
Kuman Messinin PSJ-yə transfer olunacağı ilə bağlı yayılan xəbərlərin onların hazırlığına mənfi təsir etmədiyini söyləyib: “Bu dedi-qodu fikrimizi yayındırmır. Messinin belə bir niyyətinin olub-olmadığını bilmirəm. Ancaq mənim işim futbolçuları hazırlamaqdır. Messi “Barselona” üçün oynayır. Ümid edirəm ki, gələcəkdə də belə davam edəcək”.
Qeyd edək ki, “Barselona” – PSJ matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.