11:56 16-02-2021
news_image
1099
FUTBOL

“Yığmaya görə istər-istəməz təəssüf hissi keçirirsən” - Tərlan Quliyev

“Millimiz üçün çox çətin olacaq. Yalnız uşaqların vuruşmağına ümid bəslənilir”.

Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin müdafiəçisi Tərlan Quliyev Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində düşdüyü qrup barədə danışarkən deyib.

29 yaşlı futbolçunun fikrincə, komandamızın işi çətin olacaq: “Rəqiblər çox güclüdür. “Kimdən xal almaq olar” sualını cavablandırmaq çətindir. İddialı danışaraq özümüzü yalandan aldatmayaq. Heyətə də baxanda nəyəsə ümid etməkdə çətinlik çəkirsən”.

Quliyev yenidən yığmaya düşmək arzusunda olduğunu gizlətməyib: “Milliyə çağırıldıqdan sonra kim “yola verər”? Mən özüm də yığmadan həmişə dəvət gözləyirəm. Klubumda oynamadığım zaman çağırılmayanda bunu normal qarşılayırdım. Oynayan vaxt demirəm ki, mütləq çağırmalıdırlar. Amma yenə də dəvət gözləyirsən. Klubunda müntəzəm çıxış etdiyin zaman sənin deyil, oynamayan birinin çağırıldığını görəndə, istər-istəməz təəssüf hissi keçirirsən”.

“Keşlə”nin oyunçusu millinin baş məşqçisi Canni de Byazinin seçmə mərhələ ilə bağlı iddialı açıqlamasına da toxunub. O, bunun başadüşülən olduğunu söyləyib: “Canni de Byazinin iddialı danışması normaldır. Əslində baş məşqçi futbolçulara əlavə motivasiya vermək üçün belə də deməlidir. Uşaqlar da görsünlər ki, baş məşqçi onlara güvənir, uğur qazanmaq istəyir. Amma ciddi nailiyyətə ümid etmək reallıqdan kənardır. Məncə, qrupda 3-cü yeri tutsaq, super olar”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. İlk oyun martın 24-də Lissabonda Portuqaliyaya qarşı olacaq.