12:31 16-02-2021
news_image
1431
FUTBOL

“... Elxan Məmmədovdan U-21-i mənə verməsini xahiş etmişəm” – Tərlan Əhmədov

“Karyeramla bağlı hələ heç bir yenilik yoxdur. 8 komandalı çempionatda da bu normaldır”.

Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

Son vaxtlar adı “Sabah”la birgə hallanan 50 yaşlı mütəxəssis heç yerdən təklif almadığını söyləyib. “Neftçi” və “Keşlə” ilə Premyer Liqanın bürünc medalını qazanan Əhmədov yeni işlə bağlı kiməsə müraciət etmədiyini bildirib.

Təcrübəli məşqçi özünə güvəndiyini də sözlərinə əlavə edib: “Bir müddət əvvəl belə bir yazı oxudum ki, guya AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüşəm, ondan iş istəmişəm, U-21 yığmasını mənə verməsini xahiş etmişəm. Ancaq bu günə kimi iş barədə heç kimlə görüşməmişəm. Məşqçi kimi göstərdiyim nəticələr göz önündədir. Kimdənsə iş dilənmək, yalvarmaq mənim həyat prinsipimə ziddir. Əgər kiməsə futbol, nəticə lazımdırsa, çağıracaq. Bu gün hansı komanda çətin vəziyyətə düşür, söz-söhbət yayırlar ki, Tərlan gələ bilər. Sözdə bütün komandaların baş məşqçisi olmuşam, amma reallıqda heç yerdə işləmirəm. Özümə, işimə güvənən insanam. Haradansa dəvət gəlsə, canla-başla gedib işləyəcəyəm”.

Qeyd edək ki, Tərlan Əhmədov son iş yeri olan “Keşlə”dən ötən mövsümün sonunda ayrılıb.