15:26 16-02-2021
news_image
653
TOKİO-2020

“Olimpiya Oyunlarının keçirilməsini çox arzulayıram” - Rafaelle Paqnotsi

"İndi elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağı bəlli deyil. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də gözlənilməz oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin baş katibi Rafaelle Paqnotsi deyib. 

O, Azərbaycan Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsini arzulayır: “Bəzi idmançılar formasının zirvəsində olmağına baxmayaraq, uzun müddət məşq etmədi və formadan düşdü. Təəssüf ki, bəziləri hətta karyerasını bitirmək nöqtəsinə qədər gəlib çatdı. Əlbəttə, mən Olimpiya Oyunlarının keçirilməsini çox arzulayıram. Əminəm ki, Yaponiya hökuməti bunun üçün əlində olan bütün imkanları səfərbər edəcək”. 

O, dekabrda Gənclərin Qış Olimpiya Oyunlarının keçirilməsini çox arzulamalarına baxmayaraq, təxirə salınmasına  təəssüfləndiyini də ifadə edib. Paqnotsinin sözlərinə görə, Olimpiada hətta azarkeşsiz olsa belə, baş tutsa yenə də çox yaxşı olar: “Olimpiya Oyunlarının baş tutması, həmçinin böyük idmanın qayıdışı kimi də xarakterizə olunacaq. Bizim üçün Yay Olimpiya Oyunları ilə yanaşı, Qış Olimpiya Oyunları da çox vacibdir. Amma indi Avropada vəziyyət fərqlidir. Bəzi ölkələr pandemiyadan daha çox, digərləri isə daha az təsirə məruz qalıb. Bizim əlimizdən nə gəlirsə, idmançılara kömək etməyə çalışırıq. Onların federasiya rəsmiləri ilə daimi təmasdayıq. Bilirsiniz, bir il ərzində idmançılar çox şey itirib. Hələ ötən il zirvədə olanlar, indi həmin zirvədən o qədər uzaqdırlar ki... Avropa Olimpiya Komitəsinə daxil olan 50-yə yaxın ölkə var. Əlbəttə, bəziləri daha az, digərləri daha çox təsirləniblər. Düşünürəm ki, hamı kimi avropalılara da çətin olacaq. Ola bilər ki, sıralama alışdığımız kimi olmayacaq. Bir çox komanda pandemiya səbəbindən ənənəvi formasında deyil, amma yarışda onsuz da hamı əlindən gələni etməyə çalışacaq".

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Tokio Olimpiya Oyunları 2020-ci ildən 2021-ci ilə təxirə salınıb.