13:17 17-02-2021
news_image
1355
FUTBOL

“Keşlə”yə gətirəcəyi futbolçuları müəyyənləşdirdi – “Qəbələ”dən

Qış fasiləsindən sonra “Keşlə”nin baş məşqçisi təyin olunan Sənan Qurbanov indidən gələn mövsümün planlarını cızmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis postunda qalacağı təqdirdə, yayda heyətə cəlb edəcəyi bəzi futbolçuları müəyyənləşdirib.

Gənc çalışdırıcı ilk olaraq yerli futbolçuların sayını artırmaq və rəqabət yaratmaq niyyətindədir. Əldə etdiyimiz məlumata əsasən, Qurbanov uzun müddət çalışdığı “Qəbələ”nin 3 oyunçusunu yanına aparmağı planlaşdırır. Bunlar qapıçı Anar Nəzirov, müdafiəçi Rasim Ramaldanov və yarımmüdafiəçi Asif Məmmədovdur.

Adıçəkilən futbolçuların artıq 35-36 yaşı olmasına baxmayaraq, baş məşqçi onlara əsas heyət üçün yaxşı alternativ gözü ilə baxır. “Qəbələ”nin durumunu və oyunçuların müqavilə müddətinin yaya qədər olduğunu nəzərə alsaq, Nəzirov, Ramaldanov və Məmmədovun karyerasının son komandası “Keşlə” ola bilər.

Qeyd edək ki, Premyer Liqada 15 turdan sonra “Keşlə” 13 xalla son pillədə qərarlaşıb. “Qəbələ” isə aktivindəki 18 xalla 5-cidir.