18:05 17-02-2021
news_image
162
FUTBOL

Adının “Barselona” ilə çəkilməsinə münasibət bildirdi - Xavi

“Çoxları məni “Barselona”nın baş məşqçisi kimi görür. Gizlətmək istəmirəm, mən də buna ümid edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi deyib.

Hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olan ispaniyalı vaxtilə şərəfini qoruduğu La Liqa təmsilçisinin “sükanı arxası”na keçəcəyi barədə xəbərlərə münasibət bildirib: “Bunu dəfələrlə deyə bilərəm ki, indiki baş məşqçi Ronald Kumana və kifayət qədər rəqabətədavamlı olan kluba həmişə hörmətlə yanaşmışam. Komandaya ən yaxşısını arzulayıram. Tezliklə “Barselona”da prezident seçkiləri keçiriləcək. Görək hansı namizəd qalib gələcək. Amma yaxın müddətdə “Barselona”ya rəhbərlik edəcəyim illüziyadır”.

Qeyd edək ki, Xavinin Qətər klubu ilə müqaviləsi 2021-ci ilin iyulunda başa çatacaq. O, futbolçu kimi “Barselona”da 17 il çıxış edib. 1998-2015-ci illərdə bu klubun formasını geyinən yarımmüdafiəçi 8 dəfə ölkə çempionu, 3 dəfə kubokun, 4 dəfə Çempionlar Liqasının, 6 dəfə İspaniya, 2 dəfə UEFA Superkubokunun qalibi olub, 2 dəfə klublararası dünya çempionu adına yiyələnib.