17:17 18-02-2021
news_image
468
FUTBOL

Avropada transferlərə xərclər azalır - bizə dəxli yoxdur

Avropanın “böyük beşlik” ölkələrində transferlərə xərclənən pulların və oyunçu sayında ciddi şəkildə azalma müşahidə olunur.

Apasport.az saytının məlumatına görə, bu barədə “KPMG Football Benchmark” araşdırma mərkəzi xəbər yayıb.

2019/20 mövsümündə İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A seriyası, Almaniya Bundesliqası və Fransa Liqa1-də ümumilikdə 1302 transfer reallaşıbsa, koronavirus pandemiyasının yaratdığı maliyyə problemi ucbatından cari mövsüm bu say 1037-yə düşüb. Bu mövsüm cəmi 390 oyunçunun keçidi öncəki klubuna pul qazandırıb. Halbuki bu, ötən mövsüm 602 futbolçu ilə əhatə olunurdu. Transfer ödənişi ilə keçən oyunçu sayı 35 faiz azalıbsa, icarəyə əsasında komandasını dəyişənlər 3 faiz artıb.

Həmçinin ötən mövsümlə müqayisədə transferlərə də az pul xərclənib və oyunçuların dəyərində azalma olub. Bu baxımdan ən kasad çempionat La Liqadır. 2017/18 və 2019/20 mövsümlərində 1 milyard 167 milyon avro xərc çəkən İspaniya çempionatının təmsilçiləri bu mövsüm cəmi 355 milyon avroya oyunçular alıblar. Almaniya Bundesliqasında isə bu rəqəm 364 milyon avroya qədər azalıb.

Avropa ölkələri ilə müqayisədə Azərbaycan Premyer Liqasında aktivlik o qədər də azalmayıb. Doğrudur, qış fasiləsində ümumilikdə 20 oyunçu transfer olunub. Ancaq ötən yay gerçəkləşən keçidlərlər birlikdə bu rəqəm 100-ə yaxınlaşır. 8 klub üçün bu qədər dəyişiklik isə kifayət qədər yüksək göstəricidir.

Təbii ki, transferlərə xərclənən pulların azalmasının da Azərbaycan klublarına dəxli yoxdur. Çünki etiraf edək ki, bizdə nadir hallarda hansısa oyunçunun keçidinə görə büdcədən pul xərclənir.