17:34 18-02-2021
news_image
642
FUTBOL

Bu gün CR7, Q7 ilə gəzirlər - “Sabah”a “31”lə gəldi

Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “transfer pəncərəsi” çoxdan bağlansa da, “Sabah” klubu hələ də oyunçu gətirməklə məşğuldur.

Apasport.az saytının məlumatına görə, çoxunun artıq gələn mövsümün planlarını cızmağa başladığı bir vaxtda paytaxt təmsilçisi cari mövsümü qurtarmaq barədə fikirləşir.

Ukraynalı müdafiəçi Zurab Oçiqavanın transferi məhz belə düşünməyə əsas verir. Ortaya belə bir sual çıxır ki, müqavilə müddəti mövsümün sonuna qədər olan Gürcüstan əsilli oyunçu bu müddətdə komandaya nə verə bilər? Axı mövsümün bitməsinə cəmi 13 oyun qalıb. Oçiqava isə axırıncı dəfə ötən ilin oktyabrında meydana çıxıb. Hər halda, 4 aydır ayağı düz-əməlli top tutmayan bir futbolçunun istər fiziki, istərsə də oyun praktikası baxımından özünə gəlməsi üçün zaman lazımdır. Oçiqava isə özünə gələnə qədər artıq mövsüm bitəcək.

Oçiqavanın tez-tez iş yeri dəyişməsi də diqqətdən qaçmır. Cəmi 26 yaşı olsa da, “Sabah” onun karyerasının 7-ci komandası olacaq. 

Karyerası ərzində ümumilikdə 82 matçda iştirak edən Ukraynanın gənclər millisinin sabiq üzvü əsasən aşağı liqada çıxış edib. Onun Ukrayna Premyer Liqasında cəmi 31 görüşdə iştirak etməsi maraqlı bənzətməni ortaya çıxarır. Başqaları CR7, Q7 ilə gəzəndə bizimkilər “31”lə gəlirlər. 

Mirzə Ələkbər Sabirin məşhur şeirində deyildiyi kimi...

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.