09:31 19-02-2021
news_image
1352
FUTBOL

Şükür edək, fəxr edək – yığmamızla

Qadınlardan ibarət Azərbaycan millisi ölkə futbolu adına növbəti ləkə yaxıb.

Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun komandası Avropa çempionatının seçmə mərhələsində İspaniya ilə Bakıdakı oyunda bu “uğura” nail olub.

Buna qədər yer aldığı D qrupunda ən sevindirici nəticəsi Moldovaya ilə görüşdəki 1:3 hesabı olan yığmamız lider İspaniya ilə matçda qapısından ikirəqəmli sayda top buraxıb. Biabırçılıqda kişi həmkarlarından heç də geri qalmadıqlarını, hətta onları da üstələdiklərini sübut edən qadınlarımız ispanlara futbol tarixində nadir hallarda görünən nailiyyət bəxş edib. Təsadüfi deyil ki, rəqibin heyətində bir yox, düz iki futbolçu penta-trik sevinci yaşayıb.

Ancaq 13 cavabsız topa da şükür etmək lazımdır. Bu bizim üçün həm də “fəxrdir”. Birincisi ona görə ki, rəqibin 46 zərbəsindən 25-i çərçivəyə düşüb və onun da təxminən yarısı qolla yekunlaşıb. Nə olsun ki, yığmamız oyun ərzində ispanların qapıçısının üzünü görməyib...

İkincisi və ən önəmlisi isə odur ki, antirekord təkrarlanmayıb. 2010-cu ildə İsveçə 0:17 hesabı ilə uduzan komandamız İspaniyaya eyni göstəriciyə imza atmaq imkanı verməyib. Buna görə də Siyasət Əsgərov və yetirmələrinə təşəkkür düşür.