12:18 12-08-2008
news_image
355
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısını dünya çempionatının liderindən cəmi bir xal ayırır

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, IX turdan sonra ən yaxşı göstəriciyə Eltac Səfərli malikdir. Yeniyetmələr arasında Avropa və dünya çempionu olan təmsilçimizin hesabında 6,5 xal var. O, liderdən cəmi bir xal geri qalır. E. Səfərli bu gün X tur çərçivəsində Çao Li (Çin) ilə görüşəcək. Digər təmsilçilərimizdən Rauf Məmmədov 5,5, Vasif Durarbəyli ilə Orxan Abdulov 5, Bəhruz Rzayev isə 4 xal toplayıb. Qızların yarışına qatılan şahmatçılarımız isə liderlər qrupunda qərarlaşan rəqiblərindən 2 xal geri qalır. IX turdan sonra Türkan Məmmədyarova ilə Nərmin Kazımovanın 5,5, Xəyalə İsgəndərovanın 5 xalı var. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununda müəyyənləşəcək.