14:42 21-02-2021
news_image
480
FUTBOL

Zədələrin söndürdüyü ulduzlar - FOTOSESSİYA

“Real”ın hücumçusu Eden Azar və “Barselona”nın yarımmüdafiəçisi Usman Dembele böyük ümidlərlə transfer edilməsinə baxmayaraq, hələ də etimadı doğrulda bilmirlər.

Apasport.az saytının məlumatına görə, buna səbəb astronomik məbləğ qarşılığında transfer edilən futbolçuların tez-tez zədələnməsidir.

Təbii ki, tarixin ən ağır zədələrini alan futbolçu dedikdə braziliyalı Ronaldo ağla gəlir. Bəs karyerası ərzində zədə ucbatından ümidləri doğrultmayan başqa hansı futbolçular olub? Bu yazıda zədələrin böyük karyeraya mane olduğu bir neçə oyunçunu sıralayacağıq.

Abu Diabi – 32 yaşında karyerasını başa vuran Diabinin bədənində xəsarət almadığı yer qalmayıb. Hətta onun zədələri müxtəlif xəstəxanalarda araşdırma mövzusu olub.

Ouen Harqrivs – Kanada əsilli ingilis futbolçu aramsız zədələr ucbatından 31 yaşında futboldan getməli olub. “Bavariya” və “Mançester Yunayted” kimi klublarda çıxış etməsinə baxmayaraq, zədələr ona mane olub.

Maykl Ouen – Cəmi 17 yaşında “Liverpul”un heyətində ulduzu parlayan Ouen tez-tez sıradan çıxmasına baxmayaraq, İngiltərə futbol tarixinin ən yaxşı qolçuları sırasına düşə bilib.

Tobias Linderot – Bir ara “Qalatasaray”da da çıxış etmiş Linderot zədələrə 30 yaşına qədər tab gətirə bilib. Uzunmüddətli zədələr ona 2010-cu ildə futboldan getməyi məcbur edib.

Cek Uilşir – 16 yaşında “Arsenal”ın formasını geyinməyi bacaran yarımmüdafiəçi hazırda “Bornmut”da çıxış edir. 29 yaşlı oyunçunun daha zəngin karyeraya sahib olmasına məhz zədələr mane olub.

Teo Uolkott – Uolkott “Arsenal”da məşhurlaşıb. Lakin ondan gözlənilən performansı sərgiləyə bilməyib. Hazırda “Sauthempton”da oynayır.

Conatan Vudqeyt – İngiltərəli müdafiəçi Premyer Liqadakı parlaq çıxışı sayəsində “Real”ın yolunu tutub. Ancaq zədə ucbatından iki il ərzində “kral klubu”nda cəmi 14 görüşdə meydana çıxıb.

Kiron Dayer – Tez-tez zədələndiyi üçün Dayer 17 illik peşəkar karyerasında cəmi 300 matçda çıxış edib.

Aaron Remsi – “Arsenal”da zədələr ucbatından özünü göstərə bilməyən digər futbolçu Remsidir. Uelsli hazırda “Yuventus”da olsa da, zədələr yenə mane olur.

Alberto Akvilani – “Roma”, “Liverpul”, “Yuventus”, “Milan”, “Fiorentina”, “Sportinq” kimi klubların formasını geyinən sabiq yarımmüdafiəçi karyerası ərzində 16 zədə zədələnib.

Aleşandre Pato – “Milan” və “Çelsi”nin sabiq forvardı zədə səbəbindən birincilərin heyətində düz 60 oyun buraxıb. 28 yaşında Avropanı tərk edən Pato bu ilin əvvəlində “Orlando Siti”yə keçib.

Tomaş Rositski – Çexiyalı 10 il formasını geyindiyi “Arsenal”da 100-ə yaxın oyunu zədə ucbatından buraxmalı olub.

Denni Uelbek – Digər ingiltərəli hücumçu Uelbek isə 150-dən çox matçda iştirak ərizəsinə salınmayıb. Bu da ardıcıl zədələrdən qaynaqlanıb.