12:18 21-02-2021
news_image
157
FUTBOL

“Oyuna nəzarət edə bilmirdik, çox top itirirdik” – “Neftçi”nin kapitanı

"Bizim üçün çox ağır oyun oldu. Oyuna nəzarət edə bilmirdik, çox top itirirdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib. 

Komandasının kapitanı "Qəbələ” ilə oyunu şərh edib. 90+4-cü dəqiqədə rəqib qapısından qələbə topunu keçirən futbolçu təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb: “Düzdür, qalib gəldik, amma bundan çox yaxşı oynamalıyıq. Çünki hər matçı xarakterin, mübarizənin hesabına uda bilmərik. Baş məşqçi də bizə dedi ki, daha çox hərəkət edib, bir-birimizə daha çox kömək durmalıyıq. Deməzdim ki, "Qarabağ” üzərində qələbədən sonra "Qəbələ” ilə oyuna psixoloji baxımdan hazırlaşmaq çətin idi. Çünki başa düşürdük ki, çempionluq uğrunda əsas rəqibi məğlub edib, sonra digər rəqiblərlə matçlarda xal itirməyin heç bir bəhanəsi olmayacaq”.

Cəza və zədə səbəbindən "Qəbələ” ilə matçı buraxan futbolçuların yoxluğunun hiss olunduğunu deyən Mahmudov qələbə qoluna da münasibət bildirib: "Əlbəttə, 5 futbolçumuzun yoxluğu hiss olunurdu, amma bu bizim üçün bəhanə olmayacaqdı. Hər bir komandanın heyətində itkilər olur, buna görə də nəyin bahasına olursa olsun, qələbə qazanmaq lazımdır. Həm də heç kim zəmanət verə bilməzdi ki, həmin futbolçular meydanda olsaydılar, biz qalib gələcəkdik. Çünki futbol komanda oyunudur. Son dəqiqədə vurduğum qola gəlincə, bütün hirsimi bu zərbəyə qoymuşdum”.