14:23 22-02-2021
news_image
1027
FUTBOL

Futbol “fabriki” - PSJ

Son illər Fransa futboluna hegemonluq edən PSJ artıq Avropanın da nəhəng kubları sırasındadır.

Apasport.az saytının məlumatına görə, geridə qalan 8 mövsümün 7-də Liqa1-in qalibi olan Paris klubu ulduz futbolçulara astronomik məbləğlər xərcləsə də, həmçinin güclü akademiyası ilə məşhurdur.

PSJ-nin yetirmələri arasında “Bavariya”dakı çıxışı ilə diqqət çəkən Kinqsli Koman xüsusilə seçilir. Parisdə anadan olan Koman sürəti və texnikası sayəsində gənc yaşda “Yuventus” və “Bavariya” kimi nəhənglərin formasını geyinməyi bacarıb.

Ondan başqa, PSJ-nin əsas komandada şans vermədiyi bir çox oyunçu hazırda Avropanın müxtəlif klublarında çıxış edir. Məsələn, Mussa Diabi 15 milyona “Bayer”ə, Kristofer Nkunku 13 milyona “Leypsiq”ə, Stenli Nsoki 12,5 milyon avroya “Nitsa”ya keçib, Timoti Veanı “Lill”, Artur Zaqreni isə “Monako” 10 milyon qarşılığında heyətinə cəlb edib. Odsonn Eduard, Conatan İkon, Yasin Adli, Dan-Aksel Zaqadu, Bubakari Sumare, Fode Ballo-Ture, Mamadu Dembele kimi oyunçular hazırda Fransa da daxil olmaqla, Avropanın müxtəlif ölkələrində karyeralarını davam etdirirlər. Daha əvvəlki illərdə Matteo Qenduzi, Mayk Mayqnan və Mussa Dembele də PSJ akademiyasında üzə çıxıblar.

Qətərli biznesmen Nasser əl-Xelaifinin kluba sahib olmasından sonra superulduz transferləri ilə yanaşı, akademiyanın gənclərinə də diqqət artıb. Böyük transferlərə baxmayaraq, Presnel Kimpembe, Adrien Rabyo, Alfonse Areola kimi oyunçular heyətdə özlərinə yer etməyi bacarıblar. Onların hər üçü PSJ-dəki çıxış sayəsində Fransa millisinə yüksəlib. Rabyo hazırda “Yuventus”da, Areola isə “Fulhem”də oynayır.

Bu “fabrik”in kəşfləri olan Adil Auçiçe, Tanquy Kuassi, Loik Mbe Soh kimi gənclər isə ötən il PSJ-ni başqa kluba dəyişiblər. Xüsusən də, 19 yaşlı Kuassiyə indi “Bavariya”da gələcəyin ulduzu gözü ilə baxırlar.

PSJ-nin futbol dünyasına qazandırdığı ən zəngin karyeralı oyunçu Nikolya Anelka sayılır. Karyerası ərzində transferlərinə ən çox pul xərclənən futbolçulardan olan sabiq forvard 1996-cı ildə parislilərin əsas komandasına yüksəlib. O, həmçinin “Arsenal”, “Real”, “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Yuventus” kimi böyük klubların da formasını geyinib.

Parisdən çıxan, lakin PSJ-nin akademiyasında yer almayan tanınmış simalar da var. Hazırda Fransa millisinə dəvət edilən Pol Poqba, Kilian Mbappe, Nqolo Kante və Stiven Nzonzi PSJ formasını görməsə də, paytaxtda anadan olublar...