00:00 23-02-2021
news_image
107
FUTBOL

Möcüzə axtarışında - 13 qoldan sonra

Qadınlardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2022-nin seçmə mərhələsində son matçına çıxacaq.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 7 məğlubiyyətdən başqa heç nə əldə etmədiyi tsikldə özü üçün həlledici görüşə çıxacaq. Həlledici sözü tam yerinə düşür.

Axı AFFA-nın cavabdeh olduğu yığmaların əsas hədəfi sonuncu yeri tutmamaq olur. Elə qadınlar millisi də digər komandalarımız kimi eyni nəticə üçün sonadək mübarizə aparır.

Aktivində xal olmayan Əsgərovun yetirmələri 5 komandalı qrupda 4-cü yer üçün vuruşur. Rəqib də son turda üz-üzə gələcəyi Moldovadır.

Digər üç iştirakçıdan – İspaniya, Çexiya və Polşa ilə görüşlərdə xala həsrət autsayderlər ikinci dəfə üz-üzə gələcək. İlk oyunda 3:1 hesablı qələbə qazanan Moldova həmin üç xalın sayəsində 4-cüdürsə, millimiz 5-cidir.

Əsgərovun komandası sabah Moldova ilə qarşılaşmada son sıranı tərk etməlidir. Bunun üçün yığmamız 2:0, ya 3:1 hesabı ilə və ya daha artıq top fərqilə qalib gəlməlidir. 

İndiyədək seçmə mərhələlərdə heç vaxt iki topluq fərqə sevinməyən komanda tarixində ilkə imza atmalıdır. Son pillədən yalnız bu möcüzə xilas edə bilər. 

Futbolçularımız isə son 12 seçmə oyununun hamısında uduzub və bunlardan 11-i böyük hesabla olub. Son görüş isə evdə İspaniyadan alınan 13 cavabsız qolla qeydə alınıb. Son xalını 2009-cu il noyabrın 22-də Belçikadan alan yığma sonrakı illərdə hətta heç-heçəyə də həsrət qalıb.

Millimizin son qələbəsi isə 2009-cu il oktyabrın 28-də qeydə alınıb. 11 il 4 ay öncəki matçda yığmamız Uelsi 2:1 hesabı ilə yenib.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Moldova matçı saat 18:00-da başlayacaq.