10:00 23-02-2021
news_image
129
FUTBOL

İnzaqi kulminasiyadan, Flik motivasiyadan danışdı – təxmini heyətlər

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, turnirin son qalibi “Bavariya” bu gün meydana çıxacaq.

Almaniya təmsilçisi İtaliyada “Latsio”nun qonağı olacaq. Qarşılaşma Romadakı Olimpiya stadionunda keçiriləcək.

Qış fasiləsində hər iki komanda heyətində dəyişikliklərə əl atıb. Meydan sahibləri Senad Luliç və Mateo Musackkionu sifariş vərəqinə daxil edib. “Bavariya” isə Tanquy Nianzou ilə güclənib.

Təxmini heyətlər
“Latsio”:
Reyna; Patrik, Açerbi, Musakkio; Lazzari, Milinkoviç-Saviç, Lukas Leyva, Luis Alberto, Maruşiç; Korrea, İmmobile
“Bavariya”: Noyer; Zule, Boatenq, Alaba, Deyvis; Kimmix, Roça; Sane, Qoretzka, Koman; Levandovski

Rəqiblər görüşə fərqli əhval-ruhiyyədə gəlib. “Latsio” A seriyasında yalnız 6-cıdır. Çempionlar Liqası zonasına düşmək üçün vuruşan Simone İnzaqinin yetirmələri son turda “Sampdoriya”nı bir qolla üstələyib.

Bundesliqanın son turunda “Ayntraxt”a 1:2 hesabı uduzan Münhen təmsilçisi çempionatın lideridir. Qətərdə dünya çempionu olan Hans Flikin yetirmələri daxili arenada keçirdiyi son iki görüşdə qələbəyə həsrət qalıb.

İnzaqi matçdan öncə görüşü finala bənzədib: “Matç son 5 ildə fantastik qrupla işimizin kulminasiyasıdır. Biz oyunu mümkün qədər əyləncəli, bacardığımız qədər yaxşı keçirməliyik. “Bavariya” Çempionlar Liqası, klublararası dünya çempionatının qalibidir. Rəqibin zəif yerlərindən çox öz komandamızın oyununa köklənmişik. Yolumuzda çox finallar olub və belə matçlarda nə etməli olduğumuzu bilirik”.

Flik də görüşü xüsusi adlandırıb: “İndi biz Çempionlar Liqasında yaxşı formada olmalıyıq. Bu matçlar bizim üçün xüsusidir. Komanda da görüşə motivasiyalı olacaq. Necə oynamaq istədiyimiz barədə təsəvvürümüz var. Biz bunu ilk dəqiqələrdən göstərmək niyyətindəyik. Əminəm ki, komandamız bunu edəcək”.

Maraqlıdır ki, avrokubok təcrübəsi böyük olan komandalar indiyədək heç vaxt qarşılaşmayıb. “Latsio” cari mövsümün qrupunda digər Almaniya təmsilçisi “Borussiya” (Dortmund) ilə iki dəfə üz-üzə gəlib – 1:1, 3:1.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq matçı israilli hakim Orel Qrinfeld idarə edəcək.