12:23 23-02-2021
news_image
64
FUTBOL

Yığmamızın şanslarını dəyərləndirdi – milliləşdirilmiş futzalçı

“Məşqlərimiz plan üzrə davam edir. Daha çox fiziki hazırlığa diqqət yetiririk. Bu da baş məşqçinin göstərişidir. Əlbəttə, taktiki çalışmalara da yer ayırırıq”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Amir Şojae deyib.

Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu Moldovaya qarşı keçirəcək millimiz məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Fevralın 25-dən təlim-məşq toplanışına başlayacaq komanda Bakı İdman Sarayında əsasən fiziki təmrinləri yerinə yetirir. Milliləşmiş oyunçu dünənki məşqdən sonra hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına bunları deyib: “Komanda olaraq bu dəfə daha yaxşı formadayıq. Çünki məşq etmək üçün daha çox vaxtımız oldu. Həm də yanvarda da yaxşı hazırlıq keçmişdik. Onun müsbət təsirini görürük. Slovakiya və Yunanıstanla oyunlarda qazandığımız qələbə əhval-ruhiyyəmizi yüksəldib”.

Növbəti rəqibin - Moldovanın tanış komanda olduğunu deyən müdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini qeyd edib: “Bu komandaya qarşı 2 il əvvəl oynamışam. Ancaq həmin nəticəni unutmalıyıq. Məşqçimiz rəqibi analiz edəcək və bizə necə oynamalı olduğumuzu deyəcək. Budəfəki görüş finala bərabər olacaq. Moldova millisi də seçmə mərhələyə yaxşı başlayıb. Heç kimin gözləmədiyi halda Slovakiya ilə səfərdə heç-heçə edib. Hətta qələbə də qazana bilərdi”.

Şojae bu görüşlərdə qazanılacaq qələbələrin zirvədəki mövqeyimizi böyük ölçüdə möhkəmləndirəcəyini vurğulayıb: “Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır. Bunu bacarsaq, liderliyimizi möhkəmləndirəcəyik. Azərbaycan illərdir Avropa çempionatının final mərhələsində iştirak edir. Bu seriyanın davam etdirilməsi vacibdir”.

Millinin üzvü Moldovanın hər iki oyununu izlədiyini bildirib: “Onların Yunanıstan və Slovakiya ilə matçlarını izləmişəm. Təhlükəli hücumlar qururdular. Bizimlə oyunda yəqin ki, müdafiəyə diqqət yetirəcəklər. Çalışmalıyıq ki, rəqibimiz əks-hücumlarda bizi yaxalamasın. Çünki heyətlərində təhlükəli oyunçuları var. Xüsusilə də, 7 nömrəli (Adrian Laşku) futzalçını qeyd edərdim”.