13:56 23-02-2021
news_image
1442
FUTBOL

Nağıl danışmayın, bacarırsızsa gedin! – Qurbanlı və Qədirzadə kimi

Qış “transfer pəncərəsi”ndə bəzi futbolçularımız Avropa macərasına “atıldı”.

Apasport.az saytının məlumatına görə, xüsusən də, Mahir Emreli üçün bu dönəm çox “səmərəli” keçdi.

Əvvəlcə Türkiyədə “Beşiktaş”ın formasını “geyinən” “Qarabağ”ın hücumçusu gah İsveçrə, gah Polşa, gah da digər ölkələrin səmasında “göründü”. Amma necə oldusa, ikinci yarıda da Premyer Liqada meydana çıxdı. Ağlınıza başqa ölkə gəlməsin, söhbət elə Azərbaycan Premyer Liqasından gedir.

“Keşlə”dən qalmaqallı ayrılanda Rusiya, Qazaxıstandakı klubların “yalvardığı” Ruslan Qurbanov “Zirə” ilə müqavilə bağlayanda yuxudan ayıldı. Bəhlul Mustafazadənin Danimarkaya uçuşuna isə klubu “Sabah” mane oldu.

Bu siyahını uzatmaq da olar. Amma di gəl ki, son günlərin keçidlərinə baxanda “kimə niyyət, kimə qismət” fikri yada düşür. Orxan Qurbanlı Latviyaya, İbrahim Qədirzadə Gürcüstana getdi. Fərq ondadır ki, onlar həqiqətən getdilər, “ordan təklifim var, burdan yalvarırlar” da demədilər.

Hər ikisi adına şəxsən sevindim. Onları həmin ölkələrə aparan menecerlərə də alqış düşür. Ən azı üzərlərinə düşəni etdilər, getmək istəyəni apardılar. Amma ümumi mənzərəyə baxanda bu gedişlərin Azərbaycan futboluna heç bir xeyir verməyəcəyini görmək üçün dahi mütəxəssis olmağa ehtiyac yoxdur. Axı həm Orxan, həm də İbrahim heç Azərbaycan klublarına lazım deyillər, burada ən yaxşı halda oyunlara ehtiyatdan baxırdılar. Bu tip gedişlər çox olub. Məsələn, Elvin Yunuszadə, Amit Quluzadə, Nurlan Novruzov, Kamal Mirzəyev, Nicat Qurbanov kimi oyunçular üçün legioner həyatı yaşamaq marketdən çörək almaq qədər asandır. Getdikləri ölkələri yaxşı gəzib tanıyırlar, çox keçmədən qayıdıb ya birinci divizionda peyda olurlar, ya da Premyer Liqanın hansısa klubunda ehtiyata belə, güclə düşürlər.

Problem ondadır ki, bu cür topçular təbii olaraq getdikləri ölkədə özlərini doğrulda bilmirlər. Doğrulda bilməzlər də. Axı onlar ən yaxşı halda bizim birinci divizion səviyyəsindədirlər. Getdikləri ölkələrdə uğursuz olduqda da “azərbaycanlı futbolçular budur, ayaqları top tutmur” fikri formalaşır. Bu, azərbaycanlı oyunçulara inamsızlıq yaradır, digərlərinin yolunu bağlayır.

Orxan Qurbanlı ilə İbrahim Qədirzadə bu gün birinci divizionda gün keçirən Orxan Lalayev, Orxan Əliyev, Sabir Allahquliyev, Elnur Cəfərov, Aqşin Muxtaroğlu, Aleksandr Şemonayev, Seymur Əsədov, Emin Mehtiyev, Vadim Abdullayev, İlyas Səfərzadə, Nodar Məmmədov, Novruz Məmmədovdan heç də fərqlənmirlər.

Bu o demək deyil ki, Premyer Liqamızda hansısa inkişaf, səviyyə var. Sadəcə, xaricdə oynaya biləcək 3-5 futbolçumuz isti yerindən, əziyyətsiz qazandığı puldan məhrum olmaq istəmədiyindən hazırkı mənzərə ortaya çıxır.

Əminəm ki, millimizin də formasını geyinən həmin oyunçular ölkədən çıxmaq istəsələr, Orxan Qurbanlıya, İbrahim Qədirzadəyə bu imkanı yaradan menecerlər onların legioner həyatı yaşaması üçün çətinlik çəkməzlər. Sadəcə, nağıl danışmaq yox, arzulamaq, xəyalının dalınca getmək lazımdır. 

Ruslan Sadıqov