14:38 23-02-2021
news_image
168
FUTBOL

"Neftçi"nin ağ-qara forması... - Tahir Süleymanovdan 5 il sonra üçün ssenari

Stadion ağzına kimi doludur. 70 min azarkeş tribunalardadır. Ən azı bir o qədər də futbol fanatı bilet əldə edə bilmədiklərinə görə pərişandır. "Marakana"da 200 min braziliyalı qarşısında qapılarına qol vuran dahi üçün bu nədir ki...

Bütün dünyadan qonaqlar axışıb Bakıya gəlib.

Uşaq, yeniyetmə, gənc, hətta cavan azərbaycanlı futbol aşiqləri gözlərinə inanmırlar. Axı 35 ildir eyni sözləri eşidirlər: "Azərbaycanda heç vaxt futbol olmayıb".

Sağ qalan ata-babalar nəvə-nəticələrinin əllərindən tutaraq övladlarına böyük futbolun nə olduğunu anladırlar. Kövrəlirlər, gözləri də yaşarır. Keçmişə, xoşbəxt gənclik illərinə qayıdırlar...
Tribunalarda kimlər yoxdur. FİFA, UEFA, sayılıb-seçilən ölkə federasiyalarının prezidentləri, dövlət xadimləri, artıq yaşıl meydana çıxa bilməyən yaşlı futbol ulduzları... Dövlət başçısı dolu tribunalar qarşısında qonaqları, xalqımızı salamlayır, qısa, möhtəşəm açılış mərasimi olur...

Yaşıl meydanda kimlər yoxdur. Buffon, Messi, Ronaldo, Zidan, Salah, Kannavaro, Kafu, Şevçenko, Bekhem... Və budur, bütün dünyadan axışan dahilər aram yerişlə, bəziləri əli çəlikli mərkəzə dəvət edilir. Pele, Bloxin... Onlar vaxtilə futbol dahimizə qarşı çox oyunlar keçiriblər...

Yubiley matçı 100-dən artıq ölkəyə canlı yayımlanır. Əvəzolunmaz futbolçumuzun ruhu yenidən dünyanı dolaşır. Çox sevinclidir. Həmişə öz sadəliyi ilə seçilən biri kimi, "mən nə etmişəm ki", düşünüb bir qədər utanır da...

Stadionu tanımır. Bir az narahat olur. Elə bilir qollar vurduğu, azarkeşləri ayağa qaldırdığı, özü əllərdə meydanı tərk etdiyi stadion artıq yoxdur. T.Bəhramov adına stadionun üzərində pərvazlanıb sakitləşir: "Tədbir burada, doğma stadionda niyə keçirilmir"?

Geri dönərkən Bakını seyr edir: "İlahi, doğma şəhərim necə dəyişib, daha da gözəlləşib. Belə göydələnləri ancaq xaricdə görmüşdüm". Stadionun üzərində "Uembli"ni, "Marakana", "Lujniki"ni xatırlayır: "Görəsən bizim vaxt belə möhtəşəm stadionumuz olsaydı, yenə dolu olardı"?

Dərhal da füsunkar təbəssümü ilə özü-özünə təskinlik verir: "Elə indi də mənə görə gəliblər"!
Tribunaların çılğınlığını görüb özü də sevinir.
Bakını canı qədər sevdiyi kimi, Qarabağın azad olunmasına, çiçəklənməsinə uşaq kimi sevinir...

Siqareti çox çəkərdi. 90-larda bir gün görüşəndə cibindən siqaret qutusu çıxartdı. Nəzər yetirib soruşmuşdum: "Niyə "Qarabağ" siqareti çəkirsiz"? Çox kədərli cavab vermişdi: "Dərdimizi çəkirik". Artıq o dərd yoxdur, doğma torpaqlar da azaddır!

Yubileydən qabaq informasiya savaşı pik həddə çatmışdı. Rusiya, ermənipərəst qüvvələrin qızışmasıyla Bakıdakı oyunda dünya yığmasına rəqib kimi SSRİ formasında meydana çıxmaq təklif edilmişdi. Mixitaryanlar da nəsə donqullanmışdı...

Ruhu stadionu dolaşaraq çox sevinirdi. "Neftçi"nin ağ-qara forması çox uzaqlara aparmışdı dahimizi. İkinci hissədə bir an toparlandı. Dünya ulduzlarına qarşı milli formamızı görüb qürurlandı. Heç vaxt geyə bilmədiyi üçrəngli formamızı əynində hiss etdi.

Bir an yenidən ruhən yaşıl meydana endi: "Bizim zamanımız olsaydı, bu müqəddəs formayla dünya, Avropa finallarında oynayardıq" xəyalları ilə bir qədər futbol adına kədərləndi... 
Fanatların coşqusunu, sevincini, ruhunu görüb, inamlı halda ah-nalə çəkdi: "Qayıdar, qayıtmalıdır o futbol"! Unudulmamağından çox məmnun görünürdü. Xoş, rahat ruhu ilə yenidən səmalara ucaldı. Yaşıl meydanlarda da hər zaman ucalarda idi...

Beləcə, Banişevskinin adına, səviyyəsinə, ruhuna layiq 80 illik yubiley tədbirləri sona çatdı. Qısa ömürdə, cəmi 51 il yaşayaraq bu gün də zirvələrdə qalmaq, xalqın, azarkeşlərin sevgisini qazanmaq - böyük xoşbəxtlikdir!

Ruhun şad olsun, sadə, əvəzolunmaz, dahi Banışevski. 75 yaşın mübarək!

Tahir Süleymanov