16:47 23-02-2021
news_image
146
FUTBOL

“100” açıqlaması - Abdullah Zubirdən

“Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da, “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.

Premyer Liqanın XVI turunda “Sumqayıt”la görüşdə (0:0) Ağdam təmsilçisinin heyətində 100-cü matçına çıxan fransalı oyunçu klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb. O, yubiley görüşünə görə sevincli olduğunu gizlətməyib: “Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm”.

30 yaşlı hücumameyilli oyunçu klubu ilə yeni 3 illik müqavilə imzalamasına da toxunub. Mərakeş əsilli futbolçu komandasına gələcək oyunlarda da fayda verməyə çalışacağını bildirib: “Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qollar vurmağı və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun”.