00:34 24-02-2021
news_image
77
FUTBOL

“İçimiz qaynayır” – azarkeş etirazı

İngiltərə Premyer Liqasının XXV turunda Liverpul derbisində öz meydanında “Everton”a məğlub olan “Liverpul”da (0:2) azarkeşlər hücumçu Roberto Firminoya narazılıqlarını bildiriblər.

Apasport.az saytının məlumatına görə, braziliyalı forvardın matçdan sonra sosial şəbəkədəki hərəkəti “qırmızılar”ın fanatları qəzəbləndirib.

Görüşdə qollardan birinin müəllifi olan rəqib hücumçu Rişarlisonun instaqramdakı sevinc fotosunu həmyerlisinin bəyənməsi ciddi etirazlara yol açıb. “Firmino Rişarlisonun statusunu bəyənir, Alisson Rikfordu qucaqlayır. Sanki heç nə olmayıb. İçimiz qaynayır”, deyə azarkeşlərdən biri yazıb.

Bir fanat isə bu hadisəni “dəhşətli” deyə şərh edib: “Uzun müddət klubda olan bir insanın derbinin əhəmiyyətini dərk etməməsi bizi məyus edir”. Başqa bir pərəstişkar isə baş verənlərə inana bilmədiyini yazıb: “Həqiqətən də, düşünürlər ki, bu olanların fərqinə varmırıq?”

Qeyd edək ki, “Liverpul” hazırda 40 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.