09:52 24-02-2021
news_image
490
FUTBOL

“3 qolu rəqib üçün biz vurduq” – baş məşqçilərin dəyərləndirməsi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki matç keçirilib.

Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərdə qonaqlar qələbə qazanıb.

Son çempion “Bavariya” Romada “Latsio”nu böyük hesabla məğlub edərək, 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edibsə, “Çelsi”də Buxarestdə qonağı olduğu “Atletiko”nu 1 topla üstələyib.

Oyunlardan sonra komandaların baş məşqçiləri futbolçularının çıxışını dəyərləndirib.

“Latsio” – “Bavariya” – 1:4

Simone İnzagi (“Latsio”nun baş məşqçisi): “Matçdan əvvəl futbolçularla öz oyunlarını göstərmək məsələsində razılaşdıq. Dünya çempionlarına qarşı komandada gərginlik var idi, bu bizi narahat edirdi. Deməliyəm ki, 4 qoldan 3-nü rəqib üçün biz vurduq. Əgər hesab 0:1 olanda penaltimiz verilsəydi, oyun dəyişə bilərdi. Ancaq hər şey bizə qarşı idi. Gələcəkdə böyümək və güclənmək üçün bu təcrübələrdən öyrənməliyik. Paltardəyişmə otağında məyusluq təbiidir. Lakin bu mərhələdə “Bavariya”ya qarşı oynamaq özü uğurdur. Bu səviyyədəki matçlarda yüz faiz hazır olmalı, hər şeyi doğru etməlisən və rəqibin yaxşı formada olmamasına ümid etməlisən”.

Hans-Diter Flik (“Bavariya”nın baş məşqçisi): “Hamı ümidləri doğrultdu. Çox yaxşı kollektiv mübarizə sərgilədik. İlk dəqiqələrdən təzyiq göstərmək istədik və bacardıq. Topu meydanın rəqibə aid hissəsində tutduq, təhlükəli vəziyyətlər yaratdıq və qol vurduq. “Bavariya” 1/4 finala çıxmaq istəyir və bu istiqamətdə çox böyük addım atdıq. Ancaq qarşıda hələ cavab matçı var”.

“Atletiko” – “Çelsi” – 0:1

Dieqo Simeone (“Atletiko”nun baş məşqçisi): “Oyun bitdikdən sonra onun gedişatını dəyişə bilməzsən, bu səbəbdən futbolu sevirik. Matça pis nəzarət etmirdik, sadəcə topu çox itirirdik. “Çelsi” çox hərəkətli komandadır, rəqibin bu addımını kəsməyi bacardıq. Ancaq Jiru kimi qolçuları var. Bəlkə də, topa sahib olmaq üzərində daha çox işləməliyik. Qol vəziyyətləri çox az idi, amma rəqib imkanı qaçırmadı. Qalan dəqiqələr bərabər səviyyədə keçdi. İkinci hissədə heç bir qapıçının yaddaqalan seyvi olmadı. Sentyabrda mənə desəydilər ki, 1/8 final mərhələsinin ilk oyununda minimal hesabla uduzacaqsınız, bununla razılaşardım. Cavab görüşü çox çətin olacaq. Biz maneəli yolla getməliyik”.

Tomas Tuxel (“Çelsi”nin baş məşqçisi): “Meydanın rəqibə aid hissəsində dominantlıq etmək, konsentrasiyanı itirməmək, sadə səhvlərə yol verməmək və əks-hücumdan qol buraxmamaq istəyirdik. Çox intizamlı oyun və layiqli qələbə oldu. Gərgin iş böyük qələbələrin əsasıdır. “Atletiko”nun müdafiə qapana biləcəyini düşünürdük. Buna baxmayaraq, onların qapısı qarşısında cəsarət nümayiş etdirməli idik. “Atletiko” qapıçı cərimə meydançasında 8 oyunçu yığmağa hazır komandadır. Bu da bizim üçün bir şeyi ifadə edir – “Çelsi” matçda yüksək intensivliyi qorumalıdır. Onlara nəfəs almaq və əks-hücuma keçmək imkanı vermədik. “Atletiko”nun müdafiəsini yarmaq ən çətin vəzifələrdən biridir. Buna görə də qələbə bizim üçün layiqli mükafat idi”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 17-də keçiriləcək.