10:35 24-02-2021
news_image
372
FUTBOL

Məğlubedilməz Tuxellə Fink, qeyri-dəqiq “Atletiko” – STATİSTİKA

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində ikinci oyun həftəsinin arxada qalan 2 qarşılaşması bir sıra statistik məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, buna səbəb səfərdə oynayan “Çelsi”nin “Atletiko”nu 1:0, “Bavariya”nın “Latsio”nu 4:1 hesabı ilə üstələməsidir. 

“Çelsi” Tuxellə məğlubedilməzdir
Tomas Tuxelin baş məşqçi təyin olunmasından sonra 8-ci matçına çıxan London klubu məğlubiyyətsiz irəliləməkdə davam edir: 6 qələbə, 2 heç-heçə. Bu oyunlarda İngiltərə təmsilçisi 10 qol vurub və 2-ni buraxıb.

Mendi 5-ə çatdı
Eduar Mendi Çempionlar Liqasında ardıcıl 5-ci quru oyununu keçirib. Bu, turnirin ən yaxşı nəticəsidir. “Çelsi”nin qapıçısı yalnız “Renn”lə qrup oyununda (2:1) qol buraxıb.

Məğlubedilməz alman
“Bavariya”nın baş məşqçisi Hans Flik Çempionlar Liqasında məğlubiyyət acısı yaşamayıb. O, 15 matçda 14 qələbə və 1 heç-heçə görüb. Bu, turnirin tarixində debütdəki 2-ci belə seriyadır. Lui Van Qal “Ayaks”la ilk 19 matçda uduzmayıb.
 
“Çərçivə”siz
“Atletiko” “Çelsi” ilə matçda qapı çərçivəsində zərbə endirməyib. 6 zərbədən üçü qeyri-dəqiq olub, üç isə rəqib tərəfindən bloklanıb. Madrid klubu XXI əsrdə ilk dəfə Çempionlar Liqasının ev oyununda rəqib qapısına dəqiq zərbə vurmayıb.

Simeone bunu da gördü
“Atletiko” indiki baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında Çempionlar Liqasının pley-offunda ilk ev məğlubiyyətini alıb. Rəqibini Buxarestdə qəbul edən madridlilər 2011-ci ildən bunadək öz meydanında uduzmamışdı.

Kimmixdən rekord
“Bavariya”nın futbolçusu Coşua Kimmix yeni rekorda imza atıb. O, Çempionlar Liqasındakı ilk 50 oyununda 38 dəfə qələbəyə sevinib. O, eyni sayda matçda 36 qələbəsi olan komanda yoldaşı Tomas Müller və “Real”ın yarımmüdafiəçisi Kazemironu arxada qoyub.

Tarixdə 2-ci
“Latsio” avrokuboklar tarixində ikinci dəfə öz meydanında 4 qol buraxıb. İlk belə hadisə 2003-cü ilin noyabrında yaşanıb. Həmin vaxt “Çelsi” Romada 4:0 hesabı ilə qalib gəlib. “Latsio”nun indiki baş məşqçisi Simone İnzaqi həmin qarşılaşmada futbolçu kimi iştirak edib.

Yalnız Mourinyo
“Çelsi” Tomas Tuxelin rəhbərliyi altında ilk 8 matçda cəmi 2 top buraxıb. Bu, klubun tarixində 2-ci nəticədir. Yalnız Joze Mourinyonun debüt etdiyi 2004/05 mövsümündə londonlular daha az – cəmi 1 top buraxıb.

Krkiçdən sonra ikinci
“Latsio”ya qol vuran Camal Musiala Çempionlar Liqasının pley-offunda fərqlənən ikinci ən gənc oyunçudur. 17 yaş 363 günlüyündə olan futbolçu yalnız Boyan Krkiçdən geri qalır. “Barselona”nın sabiq futbolçusu 2007/08 mövsümündə 17 yaş 217 günlüyündə 1/4 finalda qol vurub. “Bavariya”nın gənc ulduzu Çempionlar Liqasında qol sevinci yaşayan ən gənc ingiltərəli oyunçudur.