11:40 24-02-2021
news_image
109
FUTBOL

Berqamoda titullu qonaq – “Real”

Çempionlar Liqasının ən titullu komandası “Real” bu gün  1/8 final mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi İtaliyada “Atalanta”nın qonağı olacaq.

Berqamoda baş tutacaq qarşılaşma ərəfəsində rəqiblərin avrokuboklar tarixindəki ilk duelidir. Bu matça qədər hər iki komanda qələbələri sıralamaqdadır. Üç gün öncə “Napoli”ni 4:2 hesabı ilə məğlub edən “Atalanta” son üç matçda qələbə qazanıb. A seriyasında 5-ci olan Berqamo təmsilçisi 5 oyundur uduzmur.

Ardıcıl 4 qələbəsi olan “Real” son sınağında “Valyadolid”i minimal hesabla üstələyib. Paytaxt təmsilçisi La Liqada ikinci yerdə qərarlaşıb.

Qış fasiləsində “Atalanta” Yoakim Mehle, Boşko Şutalo ilə güclənib. İspaniya təmsilçisi isə İvan Morante ilə Pablo Ramonu iştirak ərizəsinə daxil edib.

Təxmini heyətlər
“Atalanta”: Qollini; Toloi, Romero, Cimsiti; Mehle, De Run, Froler, Qosens; Pessina, İliçiç; Zapata
“Real”: Kurtua; Vaskes, Varan, Naço, Mendi; Kroos, Kazemiro, Modriç; Asensio, Vinisius Junior, Días

Görüşdən öncə hər iki komandanın baş məşqçisi matçın vacibliyini vurğulayıb. Canpyero Qasperini cütün taleyinin iki matçda həll olunacağını xatırladıb: “Mərhələnin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Ona görə də ilk matçda ideal nəticə qələbədir. Heç vaxt bu rəqiblə görüşməmişik. Bu üzdən yalnız meydanda “Real”ın gücünü görə biləcəyik. Bu rəqib dünyanın ən yaxşı komandalarından biridir. Lakin biz həmişə meydana daha yaxşı keyfiyyət və biliklə çıxırıq”.

Zinəddin Zidan səfər sınağı öncəsi görüşü finala bərabər sayır: “Biz istəyirik ki, komandamız son vaxtlar liqada olduğu kimi oynaşın. Yaxşı inkişaf dinamikamız var və bunun davamına çalışırıq. Mümkün olan hər şeyi etməklə finala yüksəlmək arzusundayıq. Bizim üçün hər matç finaldır. Xüsusilə də uduzan komandanın mübarizəni dayandırdığı sistemli görüşlərdə. Rəqibimiz çox spesifik komandadır. Onlar fiziki cəhətdən güclüdürlər və yaxşı hücum edirlər”.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü almaniyalı Tobias Ştiler idarə edəcək.