12:23 24-02-2021
news_image
117
FUTBOL

Qvardiolanın ehtiyatlandığı 7-ci duel – təxmini heyətlər

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq daha bir matç meydan sahibinin doğma stadionundan kənarda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Mönhenqladbax “Borussiya”sı “Mançester Siti”ni Almaniyada deyil, Macarıstanın paytaxtı Budapeştdə qəbul edəcək.

Koronavirus səbəbindən rəqibini başqa ölkədə qəbul edəcək Bundesliqa təmsilçisi 7-ci dəfə “şəhərlilər”lə üz-üzə gələcək. 1978/79 mövsümündə UEFA kubokunun 1/4 finalında qalib olan (1:1, 3:1) “Borussiya” sonrakı görüşlərdə qələbəyə həsrət qalıb. Mançesterlilər Çempionlar Liqasının 2015/16 (2:1, 4:2) və 2016/17 (4:0, 1:1) mövsümlərindəki qrup matçlarında üstünlüyə malik olub.

Bu dəfəki görüşə də İngiltərə klubu daha yaxşı durumda çıxacaq. Üç turdur qələbə həsrətində olan almaniyalılar Bundesliqada 8-cidir. “Borussiya” son matçında evdə “Maynz”a 1:2 hesabı ilə uduzub. Premyer Liqanın lideri olan Pep Qvardiolanın yetirmələri isə 16 oyunluq qələbə seriyası ilə öyünür. Son turda onların qurbanı “Arsenal” olub – 1:0.

“Borussiya” qış transfer pəncərəsində Julio Villalba ilə güclənib. Premyer Liqa klubu isə sifariş vərəqini dəyişməyib.

Təxmini heyətlər
“Borussiya”:
Layner, Ginter, Elvedi, Bensebayni; Kramer, Neyhaus; Volf, Ştindl, Hofmann; Plea
“Mançester Siti”: Ederson; Uolker, Dias, Stouns, Kanselo; Rodri; Sterlinq, De Bruyne, Gündoğan, Foden; Jezus

Matçdan öncə “Borussiya”nın baş məşqçisi Marko Roze rəqibin zəif cəhətindən danışıb: “Çox şadam ki, belə bir qarşılaşmada iştirak edəcəyik. “Mançester Siti”nin sevmədiyi bir şey varsa, o da topsuz qalmaqdır. Biz də cəsarətli, hətta ehtiraslı oynamalıyıq. Mənim elə bir komandam var ki, bunun öhdəsindən gələ bilər”.

Pep Qvardiola rəqibdən ehtiyatlandığını gizlətməyib: “Borussiya” yaxşı komandadır, qısa ötürmələrə üstünlük verir və sürətli hücumçularına güvənir. Alman komandaları həmişə təhlükəlidir. “Borussiya” hücum edəndə böyük qüvvə ilə önə çıxır. Mərkəzdəki oyunçular – Florian Noyhaus, Denis Zakariya və Krisof Kramer nə etmək lazım olduğunu çox yaxşı bilir. Onlardan başqa cür oyun gözləmirəm”.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü portuqaliyalı Artur Dias idarə edəcək.