16:55 24-02-2021
news_image
154
FUTBOL

Çoxlarının xəyal etdiyi rekordları sıralayır - 20 yaşında

Ötən mövsümdən adını bütün dünyaya eşitdirən Erlinq Haland hazırda dünyanın ən parlaq iki gənc futbolçusundan biri hesab edilir.

Apasport.az saytının məlumatına görə, cəmi 20 yaşından rekordları alt-üst etməyi bacaran Norveç millisinin üzvü hazırda Dortmund “Borussiya”sının heyətində xariqələr yaradır.

Halandın yaşı çox az olsa da, artıq əksər futbolçular üçün xəyal kimi görünən rekordlar qırmağa başlayıb. Onlardan təkrarlanması çox çətin görünən 6 rekordu sıralayacağıq.

1. ÇL-in ilk 13 oyununda 18 qol
Ötən mövsüm “Zalsburq”un heyətində Çempionlar Liqasındakı ilk matçında het-trik edən Haland uğurunun təsadüf olmadığını sübuta yetirdi. Karyerası ərzində bu turnirdə hələlik 13 görüşə çıxan norveçli 18 qol vuraraq, ən uğurlu start rekorduna imza atıb.

2. Bir klubda ən qısa müddətdə 10 qol
Haland ötən mövsümün qış fasiləsində 20 milyon avro müqabilində “Borussiya”ya keçib. Gənc forvard yeni komandasının heyətində keçirdiyi 7 ÇL qarşılaşmasında 10 qol vuraraq Roy Makayın “Bavariya”dakı ilk 10 oyunda 10 qol rekordunu yeniləyib.

3. Ən qısa müddətdə Bundesliqada ayın futbolçusu
Ötən il yanvarın 18-də “Auqsburq”la görüşdə “Borussiya”nın forması altında debüt edib. “Auqsburq” 3:1 hesabı ilə öndə olarkən sona 35 dəqiqə qalmış meydana daxil olan oyunçu rəqib qapısından 3 top keçirib. Bir həftə sonra “Köln”lə görüşə də ehtiyatdan başlayıb. Son 25 dəqiqədə meydanda olub və komandasının 5:1 hesablı qələbəsinə dublla töhfə verib. Cəmi 61 dəqiqə meydanda qalmasına baxmayaraq, Bundesliqada yanvar ayının ən yaxşı futbolçusu seçilib.

4. İlk liqa, ilk kubok və ilk ÇL matçında qol
Halandın ilk Bundesliqa oyunundan bəhs etdik. Almaniya kubokunda debütü fevralın 4-nə, “Verder”lə görüşə təsadüf edib. Norveçli 1 qol vurmasına baxmayaraq, komandası kubokda mübarizəni dayandırıb. Çempionlar Liqasında isə PSJ-yə rəqib olan dortmundlular məhz Halandın dublu sayəsində doğma arenasında 2:1 hesablı qələbə qazanıb.

5. 60 metrlik dünya rekordu
Ötən mövsüm PSJ ilə keçirilən həmin qarşılaşmada 60 metrlik məsafəni 6,64 saniyəyə qaçaraq futbolçular arasında rekordun müəllifi olub. Atletikada 60 metrlik məsafəyə qaçış yarışı yoxdur. Ancaq bu məsafəni ən qısa müddətdə qət edən atletin göstəricisi 6,34 saniyədir.

6. 41 oyunda 42 qol
“Borussiya”ya transferi zamanı daha böyük liqalarda nəyi bacaracağı barədə çox danışılmışdı. Ancaq bu şübhələri qısa müddətdə yox etdi. Dortmundluların heyətində keçirdiyi 41 oyunda 42 qola imza ata bilib.