09:52 25-02-2021
news_image
113
FUTBOL

“Bu, futbol intiharıdır” – BAŞ MƏŞQÇİ FİKİRLƏRİ

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb.

Apasport.az saytının məlumatına görə, son olaraq “Mançester Siti” və “Real” səfər matçına çıxıb.

Bir gün əvvəl olduğu kimi, bu dəfə də qonaq komandalar qələbə qazanıblar. “Mançester Siti” Mönhenqladbax “Borussiya”sını 2, “Real” isə “Atalanta”nı 1 cavabsız qolla üstələyib.

Oyunlardan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüblər...

“Borussiya” (Mönhenqladbax) – “Mançester Siti” – 0:2

Marko Roze (“Borussiya”nın baş məşqçisi):
Çox yaxşı komanda ilə qarşılaşdıq, döyüşməli olduq. Bu cür rəqibi dayandırmaq son dərəcə çətindir. İlk hissədə rəqibin cərimə meydançasına yaxınlaşmaqda çətinlik çəkdik. Nisbətən yaxşı müdafiə olunduq. Amma bu, olduqca çətin idi. Çünki dayanmadan böyük qüvvə ilə hücum edirdilər”.
Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi): “Yaxşı çıxış etdik, oyunu idarə etdik və yalnız sonlarda rəqibə şans verdik. Təəssüf ki, ələ düşən şanslardan lazımınca yararlanmadıq, xüsusən də, qapıçı ilə təkbətək epizodda. Bunu təkmilləşdirilməliyik. Çempionlar Liqasını qazanmağa iddialı sayıla bilərikmi? “Bavariya”nın “Latsio” ilə oyununu gördükdən sonra favorit olduğumuzu düşünmürəm. Oyunçuların bərpa prosesi və formalarının pik həddinə çatmas böyük problemdir. Əgər kimsə bizi favorit adlandırmaq istəsə, bunu qəbul edərik”.

“Atalanta” – “Real” – 0:1

Can Pyero Qasperini (“Atalanta”nın baş məşqçisi):
“Oyun məhv edildi. Ötən mövsümdəki qarışıqlıqdan sonra əl qaydaları həll edildi. İndi futbolda hər hansı bir təması aradan qaldırmaq istəyi var və bu idman üçün intihardır. A seriyasında bir sözə görə diskvalifikasiya olundum. İndi nəsə desəm, UEFA məni bir aylıq cəzalandırar. Ancaq bu, futbol intiharıdır. Bu oyunu oynamayan hakim olmamalıdır. Onlar əgər fərq görmürlərsə, başqa bir iş tapsınlar. Matçlara futbol oynayan insanları cəlb etməlidirlər. Hakimlərin indi videotəkrar imkanı da var. Buna baxmayaraq, epizoda baxdıqdan sonra da yanılırlar”.
Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Bizim üçün çətin oldu, amma əsas odur ki, nəticə yaxşıdır. Vacib qolla qələbə qazandıq. Ancaq qarşıda hələ cavab görüşü var və orada da qalib gəlməli olduğumuzu bilirik. Bu, ən yaxşı oyunumuz deyildi. Fiziki cəhətdən çox güclü oyunçulara qarşı çıxış etdik. Müdafiədə yaxşı idilər. Bizim isə çox itkilərimiz var. Bununla belə, yaxşı bildiyimiz işi görməkdə davam etdik. Mendinin qol epizodunu məşq etmişdik. Qolun Ferlandan gəlməsi vacib deyildi”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 16-da keçiriləcək.