14:07 25-02-2021
news_image
286
FUTBOL

Əsgər Abdullayevin “davamçıları” – meydana sonradan girib əvəzlənənlər

Baş məşqçilər hansısa oyunda fərqli səbəblərdən əvəzləmələrə əl ata bilərlər.

Apasport.az saytının məlumatına görə, bəzən zədələr buna vadar edirsə, bəzən də hücumu və ya müdafiəni gücləndirmək üçün analoji addım atılır.

Gənc futbolçular adətən təcrübə toplamaları üçün son dəqiqələrdə şans qazanırlar. Amma matçın gedişində mübarizəyə atılan və final fiti səslənmədən əvəzlənən oyunçu sayı olduqca azdır. Azərbaycanda milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayev tez-tez bu yola əl atmaqla tanınıb. “Şəfa”, “Bakı”, “Olimpik-Şüvəlan”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Neftçi” kimi klubları çalışdırmış Abdullayev ikinci hissədə meydana buraxdığı oyunçunu 15-20 dəqiqə sonra əvəzləməsi bir növ ənənə halını almışdı.

Son olaraq ötən həftəsonu “Çelsi”nin baş məşqçisi Tomas Tuxel “Sauthempton”la görüşün ikinci hissəsində oyuna qoşulan Kallum Hodson-Odoiyə yarım saat oynamaq imkanı verdi. Bu da belə hallarla üzləşən məşhur simaları və maraqlı xatirələri yada salıb.

Ali Dia
O, dünya futbol tarixinin ən böyük saxtakarlıqlarından birinə əl ataraq, özünü Corc Veanın əmisi oğlu kimi təqdim edərək “Sauthempton”a keçib. Komandada yeganə hücumçu Mettyu Le Tisser olduğundan, baş məşqçi Qrem Suness forvard axtarışında idi. Dia da Corc Vea adı ilə Sunessə zəng vuraraq, özünü təklif edib. Buna aldanan Suness Dianı 1 aylıq heyətə cəlb edib. Bəxti necə gətiribsə, “Lids”lə oyuna qədər yalanı ortaya çıxmayıb. Qarşılaşmada le Tisser 32-ci dəqiqədə zədələndiyindən, baş məşqçi məcburiyyətdən onu meydana buraxıb. Ancaq o qədər zəif idi ki, 85-ci dəqiqədə əvəzlənib. “Sauthempton” rəhbərliyi Corc Veaya zəng vuraraq “bizə məsləhət gördüyün qolçu budur” sualı ilə etirazını bildirib. Ancaq Venın cavabı onları şoka salıb: “Mən sizə heç zəng vurmamışam, qalmışdı ki, oyunçu təklif edim”. Maraqlıdır ki, Vea liviyalı, Dia isə seneqallı idi.

Xuan Mata
2016-cı il avqustun 7-də Joze Mourinyo “Mançester Yunayted”i ilk dəfə meydana çıxardı. Portuqaliyalı mütəxəssis İngiltərə Superkubokunda “Lester”lə görüşün 63-cü dəqiqəsində Xuan Matanı mübarizəyə qoşdu. Lakin ispaniyalı yarımmüdafiəçi sona yaxın əvəzlənib. Mourinyo bu seçiminə belə səbəb gətirib: “Lester” son dəqiqələrdə hava ötürmələrinə üstünlük verdi. Mata isə balacaboy olduğundan, bizə problem yaradırdı”. Mata onun əvəzinə meydana daxil olan Maruan Fellainidən 24 sm kiçikdir.

Nemanya Matiç
Mourinyonun qəzəbinə tuş gələn daha bir ulduz futbolçu. Portuqaliyalı çalışdırıcı Matiçi əvvəlcə “Çelsi”yə, sonra isə “Mançester Yunayted”ə transfer edib. Yəni serbiyalı onun üçün önəmli simadır. Amma bu, vazgeçilməz olduğu anlamına gəlmir. 2015/16 mövsümünə “Çelsi” uğurlu başlanğıc etməyib. “Stemford Bric”də “Sauthempton”la görüşün ilk hissəsi 1:1 hesabı ilə nəticələnib. Komandanın müdafiə tərəfini yaxşılaşdırmaq istəyən Mourinyo fasilədən dərhal sonra Matiçi oyuna qoşub. Bu dəyişikliyə baxmayaraq, londonlular ikinci hissədə 2 qol buraxdığından, Matiç əvəzlənməli olub. Onun yerinə oyuna girən Loik Reminin isə komandasını xilas edə bilməyib.

Mario Balotelli
Futbol tarixinin ən problemli oyunçularından sayılan Balotellinin başına bənzər hadisə onu “Mançester Siti”yə gətirən Roberto Mançini tərəfindən “Liverpul”la oyunda gəlib. Karlos Tevezin zədələnməsi nəticəsində onu əvəzləyən forvard nəinki qol vura bilmir, hətta yarımmüdafiə xəttinə də kömək etmirdi. Mançini də ən azı 0:3 hesablı fərqi qorumaq üçün onun yerinə Naycel de Yonqu meydana buraxıb.

Moyze Kin
“Yuventus”dakı çıxışı ilə diqqət çəkən Kin “Everton”da bu formasından çox uzaq qalıb. 2019-cu ilin dekabrında “Mançester Yunayted”lə görüşün 70-ci dəqiqəsində komandası 0:1 hesabı ilə geridə olarkən meydana daxil olub. Komandasının qol axtardığı son dəqiqlərdə isə gözlənilmədən əvəzlənib.