15:36 25-02-2021
news_image
124
FUTBOL

Nəhəng klubları geridə qoyan gənc ulduz – qol sayında

Son vaxtlar haqqında ən çox danışılan gənc futbolçulardan biri də Erlinq Halanddır.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının heyətində qolçuluğunu nümayiş etdirən norveçli forvard Kilian Mbappe, Cedon Sanço, Fil Foden, Ansu Fati kimi gənclərdən heç də geri qalmadığını göstərib.

Ötən mövsümün əvvəlində heç kimin tanımadığı 20 yaşlı Haland hazırda dünya nəhənglərinin diqqət mərkəzindədir. O, son il yarım ərzində Çempionlar Liqasında 18 qol vurmaqla hamını heyrətə gətirməyi bacarıb. Halbuki bu müddət ərzində 18 qol həddinə çatmayan böyük klublar var. Onlar aşağıdakılardır:

“İnter” – 17 qol
A seriyasının lideri son iki mövsümdə Çempionlar Liqasında iştirak etsə də, turnirlə erkən vidalaşır. Ötən mövsüm qrup üçüncüsü olaraq Avropa Liqasına yuvarlanan “neradzurra” cari mövsüm yer aldığı B qrupunda sonuncu yeri tutaraq avrokubok macərasına son qoydu.

“Mançester Yunayted” – 15 qol
“Mançester Yunayted” bu turnirin ən çox iştirakçılarından biridir. “Qırmızı şeytanlar” ötən mövsüm ən nüfuzlu yarışdan kənarda idi. Bu mövsüm isə PSJ, “Leypsiq” və “Başakşəhər”in yer aldığı qrupda 15 qol vuran “mankunianlar” 3-cü yerlə kifayətləndi.

“Lion” – 14 qol
Keçən mövsüm sürpriz şəkildə yarımfinala qədər irəliləyən Fransa klubu Liqa1-in yarımçıq başa çatdırılması səbəbindən bu dəfə Avropa macərasına qatıla bilmədi. “Lion” ötən mövsüm ÇL-də rəqib qapılarına 14 qol vurmuşdu.

“Valensiya” – 13 qol
2019/20 mövsümündə ÇL-də yarışan “yarasalar” cari mövsüm bunu təkrarlaya bilmədi. İspanlar “Çelsi”, “Ayaks” və “Lill”in yer aldığı qrupda birinci yeri tutsa da, növbəti mərhələdə “Atalanta”ya yenilmişdi.

“Napoli” – 13 qol
Əvvəlki mövsüm 1/8 finalda “Barselona”ya uduzan neapollular bu mövsüm mübarizəni Avropa Liqasında aparır. İtaliya təmsilçisi keçən mövsüm 11 qolla kifayətlənmişdi.

“Sevilya” – 11 qol
Avropa Liqasının kubokunu muzeyinə ən çox aparan komanda olan “Sevilya” bu mövsüm Çempionlar Liqasında iştirak etdi. “Çelsi”, “Renn” və “Krasnodar”ın olduğu qrupdan çıxmağı bacaran La Liqa klubu 1/8 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına 2:3 hesabı ilə məğlub olub. Hələlik aktivində 11 qol olan əndəlüslülər bu göstəricini artırmaq şansını qoruyur.