18:18 25-02-2021
news_image
246
FUTBOL

“Messimiz, Ronaldomuz yoxdur ki, 5-10 qol vəziyyəti yaradasan” - Samir Abasov

“Ən üzüldüyüm epizod qol buraxmağımız oldu. Rəqibdən iki cür təhlükə gözləyirdik ki, onlardan biri buraxdığımız qol epizodu idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVII turunda “Zirə” ilə keçirilən oyundan sonra deyib.

Səfərdə 0:1 hesabı ilə məğlub olan flaqmanın ardıcıl qələbə seriyasına son qoyulub. Abasov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Buraxdığımız qolun üzərində 10-15 dəfə tapşırıq vermişdik. Konkret 2-3 nəfərə bu epizod tapşırılmışdı. Dəfələrlə dedikdən sonra belə qol buraxdığımız üçün mütləq cavab veriləcək. Bilə-bilə səhvlər etmək, konsentrasiyanı itirmək yolverilməzdir. 2-3 oyunçuya görə həddən artıq əsəbiyəm. “Zirə”yə qarşı oyunlardan həddən artıq çətinlik çəkdiyimizi başa düşürəm. Amma çox rahat idik. Oyunçularıma demişdim ki, bu vəziyyətləri bağlasaq, qələbə qazanarıq. Ani diqqətsizlik oldu ki, bu yolverilməzdir. Bunun da cavabı olacaq. Futbolçulara da bunu demişəm. Uduzmaqdan çox göstərdiyin problemə görə qol buraxmağa üzülürəm”.

- Son vaxtlar “Zirə”nin qapısını yara bilməməyinizdə səbəb nədir?
- Tapşırıq verilmişdi ki, sakit başlayaq, öz şansımızı yaxalayacağıq. Sonradan komandanı gücləndirəcək oyunçular da tam hazır olmadığından, əziyyət çəkirik. “Qəbələ”yə qarşı də çətinlik çəkmişdik. Bu gün Messimiz, Ronaldomuz yoxdur ki, bütün komandalara qarşı 5-10 qol vəziyyəti yaradasan. Qol vura və ya vurmaya bilərsən. Amma belə qol buraxırsansa, bu cür də nəticələnəcək.

- Ahmed Ahmedov sizin istədiyiniz hücumçudur?
- Bu gün seçimimiz çox azdır. Əlimizdə olan fürsətlərin ən yaxşısından istifadə etdik. 5-10 seçim imkanımız da yox idi. Üstündə durduğumuz oyunçular çempionatımız barədə heç qulaq asmaq istəmədilər. Məncə, Ahmed özünü pis tərəfdən göstərmədi.

- Mövsümün əvvəli olsaydı, hazırkı heyətin 50 faizini komandadan göndərərdiniz?
- Xeyr, bu qədər olmaz. Oyunun içində əsəbiləşmək olar.