18:21 25-02-2021
news_image
186
FUTBOL

“Onlara rahatlıq versən, sənə çətin olar” – Rəşad Sadıqov

“Maraqlı, gərgin oyun oldu. Çoxlu mübarizələr var idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbə barədə danışarkən deyib.

Gənc mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının qalibiyyətini dəyərləndirib: “İlk növbədə meydanı ideal səviyyədə hazırlayanlara təşəkkür edirəm. Dünənki havanı meydanda hiss etmədik. Hər iki komanda ilk hissədə topa nəzarət edir, ehtiyatlı çıxış edirdi. Amma ikinci hissədə temp yüksəldi. Hər iki tərəf fərqlənməyə çalışdı. Bu, bizdə daha yaxşı alındı, qol vurduq. “Neftçi” sonradan kreativ, usta oyunçuların sayını artırdı. Biz də müdafiə xəttini gücləndirməli olduq. Bu gün heç-heçə də bizim üçün yaxşı nəticə olardı. Favoritlərdən biri ilə oynayırdıq”.

- Davit Volkovun durumu necədir?
- Zədəsi çox ciddi görünür. Həkimlərin ilk rəyi çiyninin sınmasıdır. Zədəli oyunçularımızın sayı artır. Buna baxmayaraq, digər oyunçularımıza da güvənirəm. Bizdə əsas və ya ikinci heyət oyunçusu yoxdur. Kimsə az, kimsə çox çıxış edə bilər.

- “Qarabağ”da 4-lü müdafiədə oynayırdız, amma “Zirə”də 5-li müdafiə sisteminə üstünlük verirsiz. Bunu hansı məşqçidən götürmüsünüz?
- “Neftçi”yə qarşı bir oyunda 90 dəqiqə oynamışam, bir də “Sabah”a qarşı 45 dəqiqə. Bu gün də 4-4-2 düşünürdük. Amma rəqibin heyətini gördükdən sonra dəyişiklik etdik. Əslində müdafiə olunanda 4-lü müdafiə kimi oynayırdıq. Rəqibin usta oyunçuları var idi. Hacıağa Hacıyev müdafiəyə daha yaxın oynadı. Mənə görə 5-li müdafiə sistemini ideal şəkildə 1-2 məşqçi tətbiq edir. Onlardan biri Antonio Kontedir. Mən bütün sistemlərə yaxından bələd olmağa çalışıram. Özüm daha çox 4-3-3 və ya 4-2-3-1 sisteminə meyl edirəm. Amma sistem rəqibə görə dəyişir. Bu gün tətbiq etdiyim sistem sevimli sistemim deyil. Rəqibi nəzərə alaraq buna əl atdıq. “Qarabağ”la görüşdə də bunu etmişdik. Özündən güclü rəqiblərə qarşı nələrisə düşünməlisən.

- “Neftçi” üzərində uğurlu nəticələrinizin sirri nədədir?
- Burda “Neftçi” üzərində 1:0 hesablı qələbə qazandığımız oyunda da rəqibin böyük üstünlüyü var idi. Samir Abasovun ilk oyunlarından biri idi. Amma kubok matçları fərqli keçdi. Kubokda səhv bağışlanılmazdı. Amma çempionat fərqlidir. Heç-heçə yaxşı sayılırdı, amma qələbə qazanmağa çalışırdıq. “Qarabağ”a qarşı ilk görüşümüz də yaxşı keçmişdi. 84-cü dəqiqəyə qədər öndə idik. Qırmızı vərəqə və kobud səhv məğlubiyyətə səbəb oldu. Bu iki komandaya qarşı fərqli oynamalısan. Onlara rahatlıq versən, sənə çətin olar.