19:57 25-02-2021
news_image
119
FUTBOL

“Qara zolağ”a düşəndə daha çox səhvlər edirsən” – Visente Qomes

“Birinci hissə bizim nəzarətimizdə keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XXVII turunda “Keşlə” ilə oyun barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis 1:1 hesabı ilə nəticələnən görüşdən sonra birinci hissədəki çıxışlarından razılıq bildirib: “İlk hissədə əlimizə düşən çoxsaylı qol fürsətlərini dəyərləndirə bilmədik. Rəqibə qapımız qarşısında təhlükəli vəziyyət yaratmaq imkanı vermədik. Amma ikinci hissədə bərabər səviyyədə mübarizə oldu. 10-15 dəqiqəlik pediodda “Keşlə” bizdən yaxşı çıxış etdi. Buraxmayacağımız tərzdə bir qolu qapımızda gördük. Əvvəlki matçlardan fərqli, buraxılan qola uşaqlar bu dəfə yaxşı reaksiya verdilər. Nəticədə hesabı bərabərləşdirməyə nail ola bildik”.

Qomes qol yollarındakı sıxıntı barədə də danışıb. O, bunu “qara zolağ”a düşməklə əlaqələndirib: “Belə dinamikaya, “qara zolağ”a düşəndə daha çox səhvlər edirsən. Mən də qol vurmaqla bağlı yaşadığımız problemi buna bağlayardım. Bu durumdan çıxmağa çalışırıq. Birinci hissədəki oyunumuz bizə kifayət qədər ümid verir. İlk yarıdakı performansımızı davam etdirə bilsək, pis dinamikadan çıxacağıq”.