20:41 25-02-2021
news_image
108
FUTBOL

“Sonluğu istədiyimiz kimi qoya bilmirdik” – Aftandil Hacıyev

“Xocalı qətliamı ilə bağlı xalqımıza səbir diləyirəm. Uzun illərdir bunu qeyd edirik. Son ildə torpaqlarımızı geri ala bildik”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Paytaxt klubu Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a səfərdə 0:1 hesabı ilə məğlub olub. Hacıyev matçdan sonrakı mətbuat konfransında maraqlı oyun alındığını söyləyib: “Matçdan zövq ala bildik. “Qarabağ” favorit idi, amma bura məğlub olmağa gəlməmişdik. Sadəcə, cərimə zərbəsi nəticəyə təsir etdi. Futbolçular çəkinmədən oynadılar. Sonluğu istədiyimiz kimi qoya bilmirdik. “Qarabağ” vacib 3 xal qazandı. Növbəti oyuna hazırlaşmalıyıq. İnanıram ki, xallar qazana biləcəyik".

Çalışdırıcı güclü rəqibə müqavimət göstərmələrini belə əsaslandırıb: “Bura inamla gəlmişdik. Rəqibə 0:4 uduzanda diqqətsizlikdən qollar buraxılmışdı. Sadəcə futbolçularda inam yarandı. “Qarabağ”da ustalıq yüksək səviyyədə idi. Amil Yunanov 100 faizlik qol şansını boşa verdi. Bu gün oyundan razı qaldım. İstəyirəm ki, bu matçın davamını gətirək”.

Aftandil Hacıyev qış fasiləsində heyətə cəlb edilən futbolçulara vaxt verilməyin vacibliyini vurğulayıb: “Yeni futbolçular komandaya gec qoşuldu. Onlar da iki ay komandasız idi. Görünür, onlara vaxt lazımdır. Bəzi mövqelərdə çatışmazlıqlar var deyə transferlərə əl atdıq. İnanıram ki, hamısı komandama köməklik edəcək”.