15:10 26-02-2021
news_image
228
FUTBOL

Ən uzunmüddətli qələbə seriyaları – “Mançester Siti”nin rekord şansı davam edir

Çempionlar Liqasının 1/8 final mərhələsində həftəiçi Monhenqladbax “Borussiya”sını məğlub edən “Mançester Siti” bütün turnirlərdə ardıcıl 19-cu qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu seriyada “şəhərlilər”in Premyer Liqadakı parlaq çıxışının da rolu böyükdür.

Hazırda çempionatda qələbə seriyasını davam etdirən Pep Qvardiolanın komandası rekorda doğru inamla irəliləyir. Bəs, Premyer Liqada bu baxımdan rekord kimə məxsusdur? Bu yazıda ən uzunmüddətli seriyaları araşdırdıq...

1. “Liverpul” – 18 oyun (2019 oktyabr – 2020 fevral)
Ötən mövsüm 30 illik həsrətə son qoyaraq Premyer Liqa çempionluğunu qazanan “qırmızılar”ın bu uğurunda ardıcıl 18 oyunluq qələbə seriyasının da böyük rolu oldu. “Mançester Yunayted”lə matçdan sonra bu seriyanı yaxalayan Yurgen Kloppun yetirmələri mövsüm ərzində ardıcıl 35 oyunun 34-də qələbə qazanmışdı.

2. “Mançester Siti” – 18 oyun (2017 avqust – 2017 dekabr)
“Şəhərlilər” 2017/18 mövsümünə Premyer Liqa tarixinin ən uğurlu başlanğıcına imza ataraq keçirdiyi ilk 20 oyunun 19-da qələbə qazandı. Komanda II turda “Everton”la heç-heçə etdikdən sonrakı 18 görüşdən də qalib ayrıldı. Yekunda “Mançester Siti” 19 xallıq fərqlə çempionluğa qovuşdu.

3. “Liverpul” – 17 oyun (2019 mart – 2019 oktyabr)
“Qırmızılar” 2018/19 mövsümünü qalibiyyət seriyası ilə tamamladı. Amma bu seriyanın gec başlaması komandanın mövsümün sonunda “Mançester Siti”dən 1 xal geri qalmasına səbəb oldu. Kloppun kollektivi seriyaya 2019/20 mövsümündə də davam etdi, ilk 8 turda 24 xal topladı. Bu seriya yalnız “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə bitən qarşılaşmada qırıldı. Amma yenə də komanda çempion olmağı bacardı.

4. “Mançester Siti” – 15 oyun (2019 fevral – 2019 avqust)
Pep Qvardiolanın yetirmələri 2018/19 mövsümündə əla finişlə çempion oldu. Komanda Premyer Liqanın son 14 görüşündə qələbə qazanaraq, yekunda “Liverpul”u 1 xal qabaqladı. “Mançester Siti” ötən mövsümə də qələbə ilə başladı, ancaq növbəti turda “Tottenhem”lə qarşılaşmada dayanmalı oldu.

5. “Arsenal” – 14 oyun (2002 fevral – 2002 avqust)
2001/02 mövsümündə çempion olan “Arsenal” bu nailiyyəti son 13 oyundakı qələbəyə borcludur. Londonlular növbəti mövsümə qələbə ilə start götürsə də, II turda paytaxt derbisində “Vest Hem” önündə büdrədi.

6. “Çelsi” – 13 oyun (2016 oktyabr – 2016 dekabr)
Paytaxtın digər təmsilçisi 2016/17 mövsümünə uğurlu start götürmədi. Həmin vaxtkı baş məşqçi Antonio Konte sistem dəyişikliyinə getdi və nəticədə komanda ardıcıl 13 qələbə əldə etdi. Mövsümün sonunda qızıl medalları qazanan “zadəganlar” Premyer Liqada oktyabr-dekabr aralığında keçirdiyi bütün görüşlərdən 3 xalla ayrıldı.

7. “Mançester Siti” – 13 oyun (2020 dekabr - ?)
Çempionlar Liqasında Mönhenqladbax “Borussiya”sını məğlub edərək, ardıcıl 12-ci səfər qələbəsini qazanan “Mançester Siti” Premyer Liqadakı seriyasını da davam etdirir. Mövsümə uğursuz başlayan komanda çempionatda keçirdiyi son 13 qarşılaşmadakı qələbə sayəsində hazırda ən yaxın izləyicisini 10 xal qabaqlayır. Qarşıdakı 4 oyunun evdə baş tutacağını nəzərə alsaq, “Mançester Siti”nin rekordu yeniləmək şansı heç də az deyil.