10:10 01-03-2021
news_image
1266
FUTBOL

Dünyanın ən zəngin klub sahibləri - SİYAHI

Dünyanın ən çox izlənilən idman növü olan futbol artıq həm də böyük biznes sahəsidir.

Apasport.az saytının məlumatına görə, transferlərdə ödənilən məbləğlər, futbolçulara verilən maaşlar, reklam kampaniyaları üçün ayrılan büdcələr futbolu böyük pulların dövr etdiyi oyun edib.

Dünyanın ən zəngin iş adamları da futbol klublarının səhmlərini alaraq, yatırımlarını bu sahə üzrə etməyə başlayıblar. Biznesmenlər, xüsusən də, köklü komandalara sahib olmağa üstünlük verirlər.

Bu yazıda dünyanın ən zəngin ilk 10 klub sahibini təqdim edəcəyik.

1. Şeyx Mansur (“Mançester Siti”) – 20 milyard dollar
Siyahıya, şübhəsiz ki, Abu Dabidə anadan olan şeyx Mansur başçılıq edir. 2008-ci ildə 210 milyon funt-sterlinqə aldığı “Mançester Siti”ni superkluba çevirən şeyx Mansurun şəxsi sərvəti 20 milyard dollardır.

2. Detrix Matteşits (“Leypsiq” – 19 milyard)
Bəlkə də, çoxları “Leypsiq”in sahibinin bu qədər sərvətə sahib olmasından xəbərsizdir. Avstriyalı iş adamı həm də “Red Bull”un başçısıdır.

3. Andrea Anyelli (“Yuventus” – 14 milyard)
2010-cu ildə “Yuventus”u alan Andrea Anyelli və ailəsi turinlilərin A seriyasında ardıcıl çempionluqlar qazanmasına töhfə verdi. Kriştianu Ronaldo kimi dünyanın ən yaxşı futbolçularından sayılan superulduzu heyətə cəlb edən Anyelli hələlik yalnız Çempionlar Liqası kubokunun həsrətini çəkir.

4. Ditmar Hopp (“Hofenhaym” – 13 milyard)
Almaniyanın məşhur proqram mühəndisi barədə də geniş məlumat yoxdur. Hopp yatırımları sayəsində “Hoffenhaym”ı Bundesliqa iddialılarından birinə çevirməyi bacarıb.

5. Roman Abramoviç (“Çelsi” – 12 milyard)
İngiltərə futbolunun son 20 ilinə iz qoyan Abramoviç 2003-cü ildə aldığı “Çelsi”yə böyük zəfərlər qazandırıb. Avropanın nəhəng klubları sırasına qoşulan “zadəganlar” bu müddətdə Çempionlar Liqasının da qalibi olub.

6. Filip Anşuts (“Los Anceles Qalaksi” – 10 milyard)
Bir neçə fərqli sahələrdə yatırımları olan Anşuts MLS-in qurucularından biridir. Təkcə “Los Anceles Qalaksi” ilə kifayətlənməyən biznesmen “Çikaqo Fayr”, “Kolorado Rapids”, “Hyuston Dinamo”, “San Xose İrtquakes”, “DS Yunayted”, “Nyu York / Nyu Cersi MetroStars” kimi komandaların da sahibidir.

7. Stan Kroenke (“Arsenal” – 9 milyard)
“Arsenal”ın əsas söz sahibi olan Kroenke amerikalı iş adamıdır. 2004-cü ildən rəhbərlik etdiyi londonlulara çempionluq sevinci qazandıra bilməyən biznesmen “Arsenal” azarkeşlərinin ən böyük tənqid obyektidir.

8. Naser el-Xelaifi (PSJ – 8 milyard)
Siyahının ən məşhurlarından sayılan el-Xelaifi PSJ-yə ciddi yatırımları ilə diqqət çəkir. Qətərli biznesmen 1992-2003-cü illərdə peşəkar tennislə məşğul olub.

9. Zanq Yindonq (“İnter” – 7,6 milyard)
2016-cı ildə “İnter”in səhmlərini alan çinli milyarder suning.com-un sahiblərindəndir. O, “neradzurra”ya əvvəlki əzəmətini qaytarmaqda maraqlıdır.

10. Robert Kraft (“Nyu-İnqlend Revolyuşn” – 6 milyard)
ABŞ-lı iş adamı keçmişdə “Liverpul”a sahib olmağa çalışsa da, istəyinə çata bilməyib. O, eyni zamanda NFL təmsilçisi “Nyu-İnqlend Patriots”un sahibidir.