13:07 01-03-2021
news_image
245
DİGƏR NÖVLƏR

35-dən geridə, 11-dən irəlidə – Azərbaycan yığması

Bu həftə keçiriləcək qapalı məkanlarda atletika üzrə Avropa çempionatı ərəfəsində turnirin ümumi medal sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 2000-ci ildə debüt etdiyi turnirin tarixində 36-cı komandadır.

Millimiz indiyədək 2 qızıl, 1 gümüş və 1 bürünc əldə edib. Ümumilikdə isə 47 ölkə təmsilçiləri (bəziləri artıq yoxdur) çempionatın mükafatlarına yiyələnib.

2 və daha artıq medal qazanan atletlər siyahısında da təmsilçimiz var. Hayle İbrahimovun hesabında 2 mükafat var. 3000 metr məsafəyə qaçan milliləşən afrikalı 2011-ci ildə gümüş, 2013-cü qızıl əldə edib.

Digər atletimiz Nazim Babayev də yarışın tarixinə düşüb. 2015-ci ildə üçtəkanla tullanmada mübarizə aparan idmançımız bu növdə çempionatın ən gənc iştirakçısı olub – 17 yaş 149 gün. O, 2019-cu ildə çempion tituluna yiyələnməklə ölkəmizə 2-ci qızılı qazandırıb.

3000 metr məsafəyə qaçmaqda medal qazanan ən gənc idmançı da Azərbaycanı təmsil edir. 2011-ci ildə buna nail olan Layeş Abdullayeva 19 yaş 281 günlüyündə bürünc medala sevinib.

Qeyd edək ki, millimiz 9 dəfə Avropa çempionatına qatılıb.