15:17 01-03-2021
news_image
750
FUTBOL

Xələflərdən sələflərə “göz dağı” – dünya idmanında

Futbolda Kilian Mbappe ilə Erlinq Haland, tennisdə isə Stefanos Tsitsipasla Naomi Osaka son vaxtlar beynəlxalq arenadakı uğurları ilə seçilirlər.

Apasport.az saytının məlumatına görə, onların hər iki növbə illərdir zirvədə qərarlaşan idmançıları üstələməsi futbol və tennisdə nəsil dəyişikliyindən xəbər verir.

Uzun müddətdir qarşısıalınmaz olan Lionel Messi və Kriştianu Ronaldoya bu mövsüm fransalı Mbappe ilə norveçli Haland Çempionlar Liqasındakı performansla meydan oxuyur. Yunanıstanlı Tsitsipas və yaponiyalı Osaka isə Avstraliyada keçirilən Böyük Dəbilqə turnirində rekord qırmağı hədəfləyən Rafael Nadalla Serena Uilyamsı mübarizədən kənarlaşdıraraq sələflərini gələcəkdə unutduracaqlarına işarə vurub.


Mbappenin Messiyə qarşı het-triki
Fransanın son illər yetişdirdiyi ən böyük ulduzu hesab olunan Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ilə matçda het-trik etməklə bacarığını bir daha göstərdi. PSJ-nin 22 yaşlı forvardının bu het-trikini özəl edən isə bunu futbol tarixinin ən yaxşılarından olan Lionel Messiyə qarşı həyata keçirməsi oldu. Üstəlik, onun evində.


Qol “maşını” Haland
Norveçin futbol dünyasına bəxş etdiyi ən böyük istedadlardan Erlinq Haland gənc olmasına baxmayaraq, Dortmund “Borussiya”sının qol yükünü təkbaşına çiyinlərində daşıyır. Cəmi 20 yaşı olsa da, artıq Bundesliqada və Çempionlar Liqasında (ÇL) bir neçə rekordu yeniləyib. Son olaraq ÇL-in 1/8 final mərhələsində “Sevilya” ilə qarşılaşmada (3:2) dubl edən forvard bu turnirdə keçirdiyi 13 matçda 18 qola imza atıb. Üstəlik, o bunu illərdir stabil və parlaq çıxış edən Kriştianu Ronaldonun uğursuz keçirdiyi oyun günü edib. Portuqaliyalının komandası “Yuventus” həmin gün “Porto”ya 1:2 hesabı ilə uduzdu. Əvvəllər Ronaldonu özünə örnək götürdüyünü bildirən Haland idealı futboldan getdikdən sonra onun yerini doldurmağa namizəd olduğunu göstərdi.


Tsitsipas Nadalı üstələdi
Kişi tennisçilərin dünya reytinqində 6-cı pillədə qərarlaşan Stefanos Tsitsipas tennis dünyasının parlaytan ulduzlarından biri kimi ön plana çıxmaqdadır. O, rusiyalı Daniel Medvedev və almaniyalı Aleksander Zverevdən ibarət yeni nəsil tennis dünyasının “üç böyüyü” Roje Federer, Rafael Nadal və Novak Cokoviçə meydan oxumağa başlayıb. Federerlə birlikdə ən çox Böyük Dəbilqəni qazanan (20 dəfə) iki tennisçidən biri olan Nadalı 1/4 finalda 0:2 geridə olarkən 3:2 hesabı ilə məğlub edən 22 yaşlı Tsitsipas yeni nəsil üçün önəmli zəfər əldə etdi.


Osaka Uilyamsın rekord arzusunu gözündə qoydu
Qadın tennisçilərin dünya reytinqində 3-cü sırada yer alan Naomi Osaka həmin turnirin yarımfinalında tarixin ən uğurlularından olan Serena Uilyamsa qalib gəldi. Osaka idealı hesab etdiyi və yaxşı formada olan Serena üzərindəki üstün performansı ilə diqqətləri yenidən üzərinə çəkdi. Qadın tennisinin son illər üzə çıxardığı ən parlaq sima sayılan yaponiyalı Böyük Dəbilqəni qazanaraq rekordçu olmaq istəyən 39 yaşlı Uilyamsa imkan vermədi. İndiyə qədər həmin turnirin üçqat qalibi olan 23 yaşlı Osakanın uzun müddət bu idman növündə əsas söz sahibi olacağına şübhə yoxdur.


Lebron Ceyms taxtdan düşmür
Futbol və tennislə yanaşı, basketbolda da yeni ulduzlar üzə çıxmağa başlayıb. Yannis Antetokunmpo, Zion Uilyamson, Luka Donçiç, Trae Yunq və Nikola Yokiç MBA-da özünü yaxşı tərəfdən göstərənlərdir. Amma “Los Anceles “Leykers”i ötən mövsüm çempionluğa daşıyan “kral” ləqəbli Lebron Ceyms taxtını heç kimə vermək fikrində deyil. Tarixin ən güclü basketbolçularından sayılan və karyerasının sonlarına yaxınlaşan 36 yaşlı Lebron cari mövsümdəki performansı ilə daha bir müddət MBA-da baş rolda olacağını göstərdi.