11:01 02-03-2021
news_image
150
FUTBOL

Mövsümü klubsuz keçirən ən dəyərli futbolçular - SİYAHI

2020/21 mövsümü üçün nəzərdə tutulan hər iki transfer dönəmi geridə qalmasına baxmayaraq, hələ də klubsuz qalan tanınmış futbolçular var.

Apasport.az saytının məlumatına görə, hazırda heç kimə lazım olmayan bəzi oyunçular vaxtilə formasını geyindiyi klubların liderlərindən olub.

Onların hətta azad agent statusu daşıması da klubların diqqətini cəlb etmir. Bu yazıda cari mövsümü işsiz keçirən və böyük ehtimalla yaya qədər klubsuz qalacaq ən dəyərli 6 futbolçunu təqdim edəcəyik.

1. Ahmed Musa – 6 milyon avro
Moskva MOİK-indəki parlaq çıxışı sayəsində 19,5 milyon avro qarşılığında “Lester”in yolunu tutan nigeriyalı hücumçu gözlənilmədən karyerasında böyük eniş yaşadı. 28 yaşlı Musa son olaraq ötən il Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nassr”ın formasını geyinib.

2. Daniel Starric – 4 milyon
Axırıncı klubu “Trabzonspor” olan Starric Türkiyə klubundan ayrıldıqdan sonra 4 aylıq diskvalifikasiyaya məruz qalmışdı. 31 yaşlı ingilis forvardın Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə transferi gözlənilsə də, danışıq baş tutmadı.

3. Ramires – 3,5 milyon
Braziliya millisində 50-dən çox oyun keçirən yarımmüdafiəçi ötən ilin sonlarında ölkəsində formasını geyindiyi “Palmeyras”dan ayrıldı. “Benfika” və “Çelsi”dəki oyunları ilə xatırlanan 34 yaşlı orta sahə oyunçusu da mövsümün sonunu gözləyir.

4. Vilfred Boni – 3,2 milyon
“Suonsi”, “Mançester Siti” və “Stok Siti”də Premyer Liqa təcrübəsi yaşayan Fil Dişi Sahili millisinin üzvü son olaraq Səudiyyə Ərəbistanında “Əl-İttihad”da çıxış etdi. 33 yaşlı forvard azad agent olsa da, heç yerdən təklif almayıb.

5. Ezekyel Qaray – 2,5 milyon
Siyahıdakı futbolçular arasında ən böyük sürpriz Qarayın burada olmasıdır. Çünki argentinalı müdafiəçi keçən mövsüm “Valensiya”nın heyətində 23 oyun keçirdi. 35 yaşlı oyunçu ilə ötən yay bitən müqavilə müddəti yenilənmədi. Özünə yeni komanda tapa bilməyincə, mövsümü boş keçirməli oldu.

6. Omar Niasse – 2,5 milyon
Türkiyə və Rusiyadakı yüksəlişi onu İngiltərə Premyer Liqasına qədər daşıdı. Ancaq Premyer Liqa seneqallı hücumçu üçün əsl fiaskoya çevrildi. “Everton” tərəfindən “Hall Siti” və “Kardiff”ə icarəyə verilsə də, heç birində özünü doğrulda bilmədi. “Everton”da isə cəmi 3 matçda meydana çıxa bildi.