00:06 03-03-2021
news_image
210
FUTBOL

“Liverpul”da tarix yazanlar – Klopp irəliləyə biləcəkmi?

2015-ci il oktyabrın 8-də Yurgen Kloppu baş məşqçi postuna gətirən “Liverpul” yenidən nəhəng kluba çevrilməsinin təməlini atdı.

Apasport.az saytının məlumatına görə, almaniyalının gəlişindən sonra 30 illik Premyer Liqa çempionluğu həsrətinə son qoyan “qırmızılar” beynəlxalq arenada da parlaq oyunlar nümayiş etdirir.

Ancaq komandanın cari mövsüm çempionatda qeyri-stabil görünməsi Kloppun postunu da laxladıb. Artıq 5 ildən çoxdur “mersisaydlılar”ın sükanı arxasında olan 54 yaşlı çalışdırıcı klub tarixinin ən uzunmüddətli 9-cu baş məşqçisidir. Onun bu siyahıda irəliləyib-irəliləməyəcəyi cari mövsümdəki nəticələrdən asılı olacaq.

Ümumiyyətlə, 1982-ci ildə yaradılan “Liverpul”u indiyə qədər 21 fərqli mütəxəssis çalışdırıb. Onların arasında ən uzun müddət bu postda qalan 10 çalışdırıcı aşağıdakılardır:

1. Tom Uotson (18 il 10 ay)
Uotson “Liverpul”a qızıl medal qazandıran və İngiltərədə iki fərqli klubla çempion olan ilk baş məşqçi kimi tarixə düşüb. O, 1915-ci il mayın 6-da “Liverpul”un baş məşqçisi postunda olarkən vəfat edib.

2. Bill Şenkli (14 il 8 ay)
Şenkli bu vəzifəyə gətiriləndə komanda aşağı liqada mübarizə aparırdı. Əvvəlcə “qırmızılar”ı elitaya yüksəltdi, ardından ardıcıl 3 il çempion etdi. “Liverpul”u 783 matça çıxarıb ki, bu, ən yüksək göstəricidir. Kluba 2 dəfə Federasiya Kubokunu və 1 dəfə UEFA Kubokunu qazandırıb.

3. Corc Key (14 il 6 ay)
Key 14 il yarımlıq macərasında yeganə çempionluğunu posta gətirildikdən 10 il sonra qazanıb. Həmin titul “Liverpul”un 24 illik çempionluq həsrətinə son qoyub. 1951-ci ilin yanvarında səhhətində yaranan problemə görə komandadan ayrılıb.

4. Bob Peysley (9 il)
Peysley əslində “Liverpul”da ən uzun müddət işləyən şəxsdir. 15 il “qırmızılar”ın formasını geyindikdən sonra 14 il də Bill Şenklinin köməkçisi kimi çalışıb. Ardından 9 il də baş məşqçi kimi fəaliyyət göstərən Peysley komandaya 3 ölkə çempionluğu, 6 İngiltərə Federasiya Kuboku, 3 İngiltərə Liqa Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Superkuboku sevinci yaşadıb.

5. Corc Patterson (8 il 6 ay)
Pattersondan əvvəl “Liverpul” son sıralarda qərarlaşan ortabab bir komanda idi. Pattersonla yüksəlişə keçən “mersisaydlılar” birinci mövsümündə 4-cü yeri tutdu. Ondan sonra rəhbərlik uzun müddət ümidini itirməsə də, ən yaxşı göstərici ilə 4-cülük kimi yadda qaldı. O, “Liverpul”a titul qazandırmadan ən uzun müddət rəhbərlik edən mütəxəssis kimi tarixə düşdü.

6. Rafael Benites (6 il, 1 ay)
Jerar Ulyenin ardından “Liverpul” yenə xarici ölkə vətəndaşına tapşırıldı. Benitesin rəhbərliyi altında komanda daim yüksək yerlərə iddia etsə də, çempionluq sevinci yaşaya bilmədi. İspaniyalı bu illər ərzində yalnız 1 dəfə Çempionlar Liqasını, 1 dəfə də UEFA Superkubokunu qazandırdı. İngiltərə daxilindəki yeganə uğur isə bir dəfə əldə edilən Federasiya Kubokudur.

7. Jerar Ulye (5 il 11 ay)
Bu yaxınlarda vəfat edən Ulye “Liverpul” tarixinin britaniyalı olmayan ilk baş məşqçisidir. Fransalı ilk olaraq Roy Evansla birlikdə baş məşqçilik etdi, daha sonra təkbaşına komandanı çalışdırdı. Ulye “Liverpul”a İngiltərə Liqa Kubokunu (2 dəfə), Federasiya Kubokunu (1), UEFA Kubokunu (1) və Superkubokunu (1) qazandırdı.

8. Kenni Dalqliş (5 il 8 ay)
Dalqliş təkcə baş məşqçi yox, futbolçu kimi də klub tarixinin əfsanələrindən birinə çevrilib. Baş məşqçi kimi komandaya 3 dəfə ölkə çempionu, 2 dəfə İngiltərə Federasiya Kuboku, 1 dəfə isə Liqa Kubokunu qazandırıb. Şotlandiyalı mütəxəssis rəhbərliklə yola getmədiyi üçün 1990/91 mövsümünün gedişində istefa Verdi. “Liverpul” Dalqlişdən sonra 30 il çempionluq üzünə həsrət qaldı.

9. Yurgen Klopp (5 il 5 ay)
Yazının əvvəlində qeyd etdiyimiz kimi, “Liverpul” Kloppun rəhbərliyi altında yenidən yüksəlişə keçdi. Almaniyalı mütəxəssis 30 illik çempionluq həsrətinə son qoydu. Bundan başqa “qırmızılar”a Çempionlar Liqasını, UEFA Superkubokunu və FİFA klublararası dünya çempionatını bəxş etdi.

10. Don Uelş (5 il 3 ay)
Siyahıdakı məşqçilərdən yalnız ikisi “Liverpul”la ölkə çempionu olmadı. Onlardan da birincisi 1951-ci ildən 1956-cı ilin yayına qədər kluba rəhbərlik etmiş Don Uelşdir. Adıçəkilən mütəxəssislə komanda 232 oyuna çıxıb, ancaq qələbə sayı məğlubiyyət sayından az olub. “Liverpul” ilk dəfə məhz Uelşin başçılığı altında aşağı liqaya yuvarlanıb. Ondan sonra iki mövsüm komanda elitaya qayıda bilməyincə, çalışdırıcı ilə yollar ayrılıb.