16:13 02-03-2021
news_image
527
FUTBOL

Qadın təsiri – ulduz transferlərində

Həyatın əksər sahələrində olduğu kimi dünya futbolunda da qadınlar böyük qüvvə olduğunu sübut edib.

Apasport.az saytı zərif cins nümayəndələrinin təsir göstərdiyi ən məşhur futbol transferlərini təqdim edir.

Oyunçuların xanımları çox vacib faktordur. Onlar artıq razılaşdırılmış keçid barədə anlaşmanı bir anda poza da bilər, futbolçunun doğma klubuna vida etməsinə də səbəb ola bilər.

İtaliya “Yuventus”unun baş direktoru Luçano Modji də bunu təsdiqləyib: “Həyat yoldaşı ilə əlaqə qurmaq daha vacibdir, nəinki oyunçunun özü ilə. Çünki əksər hallarda son söz onlara məxsusdur. Mən Zidan və bir çox futbolçuları təkcə ona görə itirmişəm ki, yoldaşları ilə dil tapa bilməmişəm”.

Müasir futbolda bunun ən tipik nümayəndəsi Mauro İkardidir. Onun agenti həyat yoldaşı Vanda Naradır. Larkin yaxın keçmişə baxsaq, agent olmayan xanımlar da sevdiklərinin karyerasına damğasını vurub.

Abramoviçin xanımının rəfiqəsi
Futbolçunun taleyinə qadın təsirinin ən böyük nümunəsi Andrey Şevçenkodur. O, “Milan”dan “Çelsi”yə keçidi həyat yoldaşı Kristen Pazikin istəyi ilə reallaşıb. London klubunun sahibi Roman Abramoviç bir neçə dəfə təklifinə imtina ilə cavab verən ukraynalını qadın gücü ilə ram edib. Milyarderin həyat yoldaşı İrina Malandina Paziklə rəfiqə olaraq onunla London gəzintilərinə çıxıb. Sonradan Kristen Andreyi İngiltərəyə köçməyə razı salıb. “Milan”ın sahibi Silvio Berluskoni buna sərt reaksiya vermişdi: “Əsl kişi belə etməz. Evimdə qərarları mən verirəm, Şevçenko üçün isə vacibi xanımının nazıdır”. Futbolçuya o qədər də güvənməyən baş məşqçi Joze Mourinyo da məsələyə rəng qatmaqdan çəkinməmişdi: “Şevçenkonun icarəyə verilməsini məndən, ya özündən deyil, hər şeyə qərar verən yoldaşından soruşun”.

ABŞ-a ulduz olmağa yollanan müğənni
Devid Bekhemin ABŞ-a köçməsi də həyat yoldaşının istəyi ilə reallaşıb. Modelyer karyerası üçün bu ölkəyə yollanmağa meylli olan Viktoriya ulduz futbolçunu da razı salıb. “Spice Girls” qrupundan ayrılan müğənni itirməkdə olduğu nüfuzu yalnız bu yolla qaytarmağı planlaşdırırdı. Viktoriya istəyinə çatsa da, bu, Devidin karyerasına az təsir göstərmədi.

Vətən həsrətində olan Veronika
Zinəddin Zidanın “Yuventus”dan “Real”a keçidində fransalının xanımı Veronikanın rolu az deyil. Madrid klubunun prezidenti Florentino Peresin nümayəndələri tez-tez onlara qonaq gəlir, ispan xanımı vətəninə qayıtmağa razı salmağa çalışırdı. Turindəki nəmişlikdən narahat olan Veronika uşaqların qışda tez-tez xəstələnməsini əsas gətirərək isti yerlərə köçməyi istəyib. Klub rəhbərliyi onlara şəhərin kənarında ev təşkil etsə də, bu da Veronikanı sakitləşdirməyib. “Barselona”, “Betis” və “Atletiko” variantları da olan Zidan sonda “Kral klubu”na keçib. “Yuventus”un prezidenti Canni Anyelli baş verənlərə açıq şərh də verib: “Mən Zidanı saxlayardım. Amma orada hər onun yoldaşı komanda verir. Problem də ondadır”.

“Təki sən soyunma”
Luiş Fiqunun futbolçu karyerasında həyat yoldaşının sözü ilə hərəkət etməsi çoxlarına inandırıcı gəlməz. Amma portuqaliyalı “Real”ı tərk etdiyi vaxt seçimini xanımına görə edib. “Liverpul”a keçmək istəyən Fiqunu isveçli model Elen Svedin onu “İnter”ə keçməyə razı salıb. Şimallı gözəl Milanda yaşamaq üçün futbolçuya təzyiq edib. O, bir daha heç bir jurnal üçün açıq-saçıq poza verməyəcəyi vədi ilə Fiqunu razı salıb. Yoldaşının “Playboy” və digər jurnallardakı çılpaq şəkillərini bir daha görmək istəməyən futbolçu da “İnter”ə keçib.