17:59 02-03-2021
news_image

“Erməni ilə qarşılaşacağımı eşidəndə sevindim” – azərbaycanlı güləşçi

“Fransada bir illik fasilədən sonra yarışda iştirak etdim. Bu qədər fasilədən sonra güləşmək çox çətin idi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının güləşçisi Turan Bayramov deyib.

Bu il qatıldığı ikinci yarışdan da vətənə medalla qayıdan təmsilçimiz öncə Fransada keçirilən Henri Deqlan Qran-prisində, ardınca Kiyev turnirində bürünc medal qazanıb. 65 kq çəki dərəcəsində çıxış edən güləşçi yarışın gedişində Ukraynanı təmsil edən iki erməni əsilli idmançı üzərində inamlı qələbə qazanıb.

Turan həm bu qarşılaşmalar, həm də turnirdəki ümumi çıxışı ilə bağlı fikirlərini Azərbaycan Güləş Federasiyasının saytına açıqlayıb: “Ukraynadakı turnir bu baxımdan daha rahat keçdi. Çünki artıq yarış təcrübəsinə yiyələnmişdim. Həm də Kiyev turnirinə çox yaxşı hazırlaşmışdıq. Dağıstanda yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Mahaçqalada baş tutan hazırlıq prosesində Rusiya yığmasının üzvləri də iştirak edirdi. Belə rəqabət nəticəsində yüksək forma yığdıq. Kiyev turnirində ilk rəqibimin erməni əsilli Qor Ohannesyan olduğunu eşidəndə çox sevindim. Çünki onunla qan yaddaşımız olan Xocalı faciəsinin ildönümündə qarşılaşacaqdım. Bir gün əvvəl yalnız qələbə qazanmaq haqqında düşünürdüm. Məğlubiyyət ağlımın ucundan belə keçmirdi. Bu motivasiya ilə də xalça üzərinə çıxdım. Son ana kimi əmin idim ki, qalib gələcəyəm. Çünki yüksək inam və motivasiya ilə güləşirdim. Bunun da nəticəsi olaraq erməni rəqibimə qalib gəldim”.

Turan ikinci qələbəsi barədə də fikirlərini bölüşüb: “Yarımfinaldakı görüş haqqında çox şey danışmaq olar. Qırğızıstan güləşçisiylə qarşılaşmada bir səhv həlledici oldu. Fənd işlətdikdən sonra rəqibin ayağını buraxmamağım rəqibin ardıcıl xallar qazanması ilə nəticələndi. Bir səhvdən rəqibə 6 xal verdim. Bu isə böyük fərq yaratdı. Cüzi bir səhvin qurbanı oldum. Ancaq ruhdan düşmədim. İdmanda qələbə də var, məğlubiyyət də. Bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacağımı eşidəndə sevindim. Çünki mən indiyə kimi heç vaxt erməni güləşçilərə uduzmamışam. Şükürlər olsun ki, karyeram boyunca ermənilərlə 7 görüşün hamısında qalib gəlmişəm. Düzdür, Erik Aruşanyan güclü rəqib idi. Amma rahat qələbə qazandım”.